Rusiyalı müğənni: Haçansa Azərbaycan musiqisini ifa etməkdən şad olardım – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyalı müğənni: Haçansa Azərbaycan musiqisini ifa etməkdən şad olardım

Bakı, 25 iyun, Pərvanə Qafarova, AZƏRTAC

Bu, Azərbaycana birinci səfərimdir. Belə inanılmaz dərəcədə qonaqpərvər ölkədə olmaq çox sevindiricidir, hər saniyə qayğı il əhatə olunmuşam. Əslində, bir az arıqlamaq istəyirdim, amma Azərbaycana gəldikdən sonra başa düşdüm ki, bu planımı təxirə salmalıyam. Yerli kabablardan, plovdan imtina etmək olmur. Elə hey dilə tuturlar ki, bu və ya başqa yeməklərin dadına baxım, bu israrların qarşısında çox da davam gətirə bilmirəm.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində beynəlxalq müsabiqələr laureatı, müğənni Mariya Barakova (messo-soprano) deyib. O, Bakıda keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində təşkil edilən “Rus klassikası” qala konsertində solist qismində çıxış edib.

Agentliyin həmsöhbəti əlavə edib: “Bakıya gəlməzdən əvvəl bu şəhəri isti və rəngarəng yer kimi təsəvvür edirdim. Bakı, həmçinin musiqi məkanıdır. Əslən Bakıdan olan çoxlu dostlarım – opera müğənniləri var. Məsələn, Bolşoy Teatrının solistləri Dinara Əliyeva və Elçin Əzizov. Mən başqa bir gözəl bakılı qadını – pianoçu Tovuz Abbasovanı tanıyıram. O, bizim Bolşoy Teatrının Gənclərin opera proqramında iştirak edirdi. Bu böyük dostlarımın hamısı Azərbaycandandır və onlar qonaqpərvər vətənlərindən həvəslə bəhs edirdilər. Amma sizə bir məqamı çatdırım; əlbəttə, Bakının necə gözəl olduğunu onlardan eşitmişdim, amma şəhərin sehrini özünüzdə hiss edəndə tamam başqa cür olur. Bu, ikiqat xoşdur”.

Ulduz karyerasından danışan Mariya Barakova qeyd edib ki, hər şey 2019-cu ildə Bolşoy Teatrının Gənclərin opera proqramına daxil olanda başlayıb. Sonra gənc artist ən əhəmiyyətli, o cümlədən M.İ. Qlinka və P.İ. Çaykovski daxili müsabiqələrində mütləq qələbələr qazanıb. O vaxtdan bəri istedadlı sənətçi Bolşoy Teatrında tamaşalarda və çoxsaylı konsert layihələrində iştirak edib.

Azərbaycan musiqisi haqqında təəssüratlarını bölüşən sənətçi ümumilikdə şərq musiqisinə, xüsusən də Azərbaycanın füsunkar melodiyalarına olan sevgi və marağını dilə gətirib.

Müğənni deyib: “Elə ilk gün şəhər turuna çıxdıq və bütün bu müddət ərzində bizi Azərbaycan musiqisi müşayiət edirdi. Mən onu çox sevdim, ürəyimi fəth etdi. Rus musiqisi ilə yanaşı, Azərbaycan musiqisi də beynəlxalq mədəniyyətin tərkib hissəsidir ki, bu da populyarlaşdırılmalıdır. Bilirsiniz, haçansa Azərbaycan musiqisini ifa etməkdən şad olardım. Söhbət Azərbaycan musiqisindən gedərkən Müslüm Maqomayevin yaradıcılığını qeyd etməyə bilmərəm. Biz hamımız Maqomayevin mahnılarını dinləyərək böyümüşük və ailəmizdə ona həmişə xüsusi məhəbbətlə qulaq asmışıq. Onun şəxsiyyətinin koloriti, xarizması və istedadı heç kəsi laqeyd qoya bilməzdi. Mədəniyyət xalqları və nəsilləri birləşdirib. Azərbaycandan nə qədər musiqiçi dostum olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərəm ki, həqiqətən də belədir. Əslində, sözlərinin olub-olmamasından asılı olmayaraq, musiqi insan qəlblərini, talelərini birləşdirə, insanları bir araya gətirə bilər”.

Təbiətin gözəlliyindən zövq almaq üçün yenidən Azərbaycana gəlmək arzusunu ifadə edən müğənni bildirib ki, həm bu yerlərin təbii gözəlliyi, həm də iqlimi onu valeh edib, amma üç gün onlardan tam şəkildə həzz almaq üçün yetərli deyil.

Mariya Barakova müsahibənin sonunda deyib: “Məzuniyyət vaxtı buraya qayıtmaq istəyirəm, eyni zamanda, Azərbaycan paytaxtında yenidən konsert proqramı ilə çıxış etməyimə şad olacağam”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top