Rafael Hüseynov Avropa Şurasının inkişaf haqda bəyanatlarının səmimi olmadığını faktla göstərdi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rafael Hüseynov Avropa Şurasının inkişaf haqda bəyanatlarının səmimi olmadığını faktla göstərdi

Strasburq, 23 yanvar, AZƏRTAC

AŞPA-nın qış sessiyasında qurumun Büro və Daimi Komitəsinin hesabatı dinlənilərək müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, avropalı parlamentarilərlə bərabər Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov hesabatın müzakirəsi zamanı qeydlərini təqdim edib. Azərbaycanlı deputat 2021-ci il sentyabrın 21-də Nazirlər Komitəsinə ünvanlandığı “Üzv dövlətlər arasında iqtisadi yaxınlaşmanı təmin edən qlobal layihələrin siyasi proseslərə səmərəli təsir imkanları” yazılı məktubunun məzmununu xatırladaraq bildirib: “Müasir dövr və cərəyan edən proseslər yeni yanaşmalar tələb edir. Üzv dövlətlərin yaxınlaşması, siyasi və humanitar problemlərin həllinə ortaq baxışların formalaşması üçün müştərək iqtisadi layihələr təkanverici amil kimi getdikcə daha çox ortaya çıxır”.

R.Hüseynov bu kontekstdə ölkəmizin oynadığı mühüm rola diqqət çəkərək qeyd edib ki, Azərbaycan son illərdə reallaşdırdığı Ümumavropa və dünya əhəmiyyətli bir çox enerji və nəqliyyat layihələri ilə mühüm mövqe tutur. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, Transanadolu Qaz Boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və digər qlobal layihələrin işləməsi ilə Azərbaycan Avropanın tərəqqisi və enerji təhlükəsizliyinin təminində ən önəmli fiqurlardan birinə çevrilib.

“Avropa ölkələrinin yaxınlaşması, onların əməkdaşlığı və tərəfdaşlığının daha da dərinləşməsi üçün həyati əhəmiyyət daşıyan belə iqtisadi fonun çox ciddi siyasi mənası və yükü olmasının əminliyini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsi belə proseslərdə özünün qoruyucu, dəstəkləyici, koordinasiyaedici funksiyalarını tətbiq etməklə hansı töhfələr verməyə hazırdır? Eyni zamanda belə sağlam əməkdaşlıq mühitinin üzv dövlətlər arasında siyasi və humanitar problemlərin həllinə kömək göstərməsindən ötrü və qarşılıqlı anlaşmanı daha artıq bərqərar etmək üçün Nazirlər Komitəsi öz tərəfindən hansı zəruri addımları atmağı məqsədəuyğun hesab edir?”, – deyə Nazirlər Komitəsinə yazılı sualını bir daha xatırladıb.

Bildirib ki, bu yazılı sualla Avropada gələcək əməkdaşlıq və yaxınlaşmanın, daha sıx iş birliyinin yaranmasında Avropa Şurasının oynaya biləcəyi əhəmiyyətli rola diqqət yönəldirdi. Bu məsələ heç kimin maraqlarına toxunmayan, əksinə, ümumi maraqlara xidmət edən nəcib bir təşəbbüsə dəvət edən bir ideya idi.

Bu yazılı suala Nazirlər Komitəsinin fəaliyyətdə olan sədinin imzası ilə Avropa Şurası katibliyi tərəfindən xeyli müddət sonra – yalnız 2022-ci ilin dekabrın 19-da göndərilən “Konsensus olmadığına görə sizin sualınıza cavab verə bilmədik” cavabından heyrətləndiyini bildirib. Bu cavabın Avropa Şurasının işini daha effektli, daha səmərəli qurmaq yolunda burada vaxtaşırı səslənən sözlərin səmimiyyətinə dərin şübhə oyatdığını bildirib.

“Qaldırdığımız və ümumi inkişafı, əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan bir çağırışa yalnız və yalnız xüsusi qərəz və ikili standartlarla yanaşmaya görə müsbət cavab verməmək mümkündür. Bu cür arzuolunmaz hisslərin və münasibətlərin təsirinə düşərək, ən gözəl təşəbbüslərin belə qarşısında maneələr yaradılırsa, burada proqresdən danışmağa nə qədər mənəvi haqqımız var?!”, – deyə R.Hüseynov yazılı şəkildə yenidən müraciət edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top