
QHT rəhbəri BMT-in vərəmlə bağlı iclasında Azərbaycanı təmsil edəcək
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının nümayəndəsi, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-in mənzil-qərargahında Maraqlı tərəflərin vərəmlə bağlı, pandemiyanın qarşısının alınması və ona hazırlıq və universal tibbi təminat mövzusunda mayın 8-9-da keçiriləcək ictimai dinləmələrdə iştirak edəcək. Dinləmələrin məqsədi sentyabrın 22-də BMT-in Baş Assambleyasında keçiriləcək vərəmlə bağlı görüşdə qəbul olunacaq siyasi bəyannaməyə daxil ediləcək öhdəliklərin bütün maraqlı tərəflərlə müzakirə edilməsidir.
Hazırki dinləmələrdə Braziliya, Uqanda, Moldova, Monqolustan, Özbəkistan, Peru, Polşa, Zimbabve, Kanada, Malavi, Banqladeş, İsveç, Kamboca, İndoneziya, Avstraliya və Azərbaycandan nümayəndələr iştirak edir.
Azərbaycan son illər səhiyyə sahəsində keçirilən islahatlar və səhiyyə sisteminin gücləndirilməsi istiqamətində tətbiq olunan strategiyalarla liderlik nümayiş etdirir. Pandemiya dövründə dövlət tərəfindən operativ və vaxtında atılan addımlar nəticəsində yeni növ koronavirusun ölkəmizə təsiri ciddi fəsadlara yol açmadı. Ölkəmiz bütün dünyaya humanistlik və həmrəylik nümayiş etdirdi, vaksinlərin ədalətli paylanılması təbliğ olundu ki, bu da ÜST rəhbərliyi tərəfindən mötəbər iclaslarda təqdirəlayiq addım kimi qeyd edildi.
Nyu-Yorkda müzakirə olunacaq məsələlərlə bağlı Pərvanə Vəliyeva AZƏRTAC-a deyib: “Azərbaycanın penitensiar sistemində vərəmə nəzarət təcrübəsi və əldə olunmuş nailiyyətlər dünya ölkələri üçün bir nümunədir. Bu sahədə təcrübənin digər ölkələrlə paylaşılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində vərəmin profilaktikası və nəzarət üzrə ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradılıb. Məhkumlar arasında vərəmin qarşısının alınması və müalicəsi istiqamətində görülən işlər, dövlət və QHT-lərin vəhdətdə icra etdiyi layihələr təqdirəlayiqdir.
Sağlamlığa Xidmət İctimai birliyi də penitensiar sistemdə vərəmlə mübarizəyə cəlb edilib. Belə ki, 2011-ci ildən bu günədək “Azadlığa buraxılan Vərəmli Xəstələrin müalicəsinin Mülki sektorda izlənilməsi” layihəsi uğurla icra olunur. Biz, vərəmlə mübarizə sahəsində çalışan qeyri-hökumət təşkilatları və icmalar əminik ki, Azərbaycan istənilən sahədə olduğu kimi, vərəmlə mübarizə sahəsində də, güclü siyasi rəhbərliyimiz sayəsində bütün dünyaya liderlik nümayiş etdirəcəyik və 2030-cu ilədək vərəmə son qoya biləcəyik!”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]