Qazaxıstan Orta Dəhlizin inkişafı üçün kompleks tədbirlər görür – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün kompleks tədbirlər görür

Astana, 6 avqust, AZƏRTAC

Kurık limanının sularında naviqasiya təhlükəsizliyini təmin etmək üçün dərinləşdirmə işləri aparılır. Bu işlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir və bu marşrut üzrə yüklərin daşınmasına artan tələbatın təmin edilməsinə imkan verəcək.

AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, prosesdə Avropanın iri “Jan de Nul” şirkətinin ixtisaslaşmış dərin qazma avadanlığından istifadə olunur. Belə ki, həmin şirkətlə EPC müqaviləsi imzalanıb və bu sənəd layihələndirmə mərhələsindən tutmuş dərinləşdirmə işlərinə qədər bütün prosesləri ehtiva edir.

Dərinləşdirmə işləri terminalın imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.

Bu gün Kurık limanının ötürücülük imkanı 6 milyon tondur (dəmir yolu terminalı – 4 milyon, avtomobil terminalı – 2 milyon). Liman, eyni zamanda, 250 yük maşını saxlamaq imkanına da malikdir. Analoji işlər Aktau limanında da aparılacaq.

Nazirlikdən verilən məlumata görə, cari ilin 7 ayı ərzində TITR vasitəsilə yükdaşımaların həcmi 62 faiz artaraq 2,5 milyon ton təşkil edib. 2023-cü ilin eyni dövründə bu göstərici 1,6 milyon ton olub.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top