Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı layihələr həyata keçirilir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı layihələr həyata keçirilir

Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Böyük Qayıdışın təmin edilməsi tədbirləri görülür və sosial infrastruktur formalaşdırılır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, artıq Qarabağda həyat qaynamağa başlayır və sakinlərin rahatlığının təmin edilməsi üçün innovativ texnologiyanın tətbiqi istiqamətində mühüm işlər həyata keçirilir. İqtisadi, sosial və ekoloji cəhətdən səmərəli hesab edilən “Ağıllı kənd” və “ağıllı şəhər” modeli bunun bariz nümunəsidir. Bu gün Qarabağda innovativ informasiya və kommunikasiya texnologiyalarından, süni intellektdən və digər qabaqcıl texnologiyalardan geniş istifadə olunur. Eyni zamanda, buraya birgə müəssisələr, klasterlər, texnoparklar, azad iqtisadi zonalar və s. daxildir.

Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. Rayon həm də coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar və meşələr var ki, sözügedən rayon kurort məqsədləri üçün ideal bir məkandır.

Müsahibimiz qeyd edib ki, Zəngəzur dəhlizi hazırda beynəlxalq səviyyədə nəqliyyat-logistika və kommunikasiyaların açılması, ölkələrin, bölgələrin, regionların, qitələrin inteqrasiyası və beynəlxalq ticarət proseslərinin intensivləşdirilməsi, əmtəə və investisiya axınlarının sürətləndirilməsi, qitələr arasında ticarət-iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması, bununla bağlı xərclərin optimallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu amillər öz növbəsində Zəngəzur dəhlizinin rolunu artıran arqumentlərdəndir. Müasir qlobal iqtisadi və texnoloji çağırışların sürətləndiyi bir şəraitdə bu qeyd olunanlar mühüm elementlər kimi qiymətləndirilir.

Y.Hacıyeva, həmçinin Zəngəzur dəhlizinin açılmasının, ilk növbədə, türk dövlətləri üçün tarixi əhəmiyyət və strateji məna kəsb etdiyini vurğulayıb. Belə ki, türk dövlətləri yüz illərdir ki, bir-birlərindən ayrı düşmüşlər. Türk dövlətlərinin arasında quru əlaqələrin kəsilməsi nəticəsində bu dövlətlərin inteqrasiyasında, coğrafi bağlılıqlarının qorunmasında ciddi problemlər yaranıb. Bu amillər baxımından, Zəngəzur dəhlizinin açılması Türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyasından ötrü kifayət qədər strateji əhəmiyyət kəsb edir.

“Zəngəzur dəhlizinin açılması həm də türk dünyasının güclənməsinə, türkdilli dövlətlərin təşkilatlanmasında yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına imkan verəcək. Ən əsası isə türkdilli dövlətlərin iqtisadi tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin artırılmasına, iqtisadi və milli təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsinə, yüksək texnologiyaların inkişafı üçün transfer mübadiləsinin intensivliyinə və türk dünyasının dəyərlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə, yeni resursların cəlb edilməsinə şərait yaradacaq”, -deyə Yeganə Hacıyeva qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top