Deputat Rüfət Quliyev parlamentdə regionlarda bankomatların azlığından şikayətlənib, pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunmasını və ya az olmasını təklif edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev regionlarda bankların bankomatlarının sayının az olmasından şikayətlənib: “Hazırda Azərbaycanda 26 bank var. Rayonlarda, kəndlərdə insanlar öz pensiyalarını, təqaüdlərini almaq üçün bir kənddən başqa bir kəndə gedirlər. Banklar arasında olan 2%-lik komissiya ləğv olunsun. Bunlar hamısı Azərbaycan banklarıdır. Olmazmı ki, birmənalı olaraq nağdlaşdırmanı bütün banklar üçün 0,5% edək? İnsanlarımız da əziyyət çəkməsin”.
Müştərilərə xidmət göstərməsinə görə banklar xərc çəkirlər
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, söhbət pulun nağdlaşdırılmasından gedirsə, müştəri öz bankının bankomatından pul çıxaranda komissiya haqqı aşağı olur: “Lakin həmin müştəri digər bankın bankomatından pul çıxaranda yüksək komissiya haqqı tutulur. Birincisi, hər bir bank Mərkəzi Bankdan nağd pul götürəndə komisyon haqq ödəyir. Artıq burada bankların xərci yaranır. İkincisi, nağd əməliyyatlar üzrə müştərilərə xidmət göstərməsinə görə banklar xərc çəkirlər. Məsələn, işçi saxlayır, bankomat alır, işıq pulu və s. Bu zaman bank o xərcin heç olmazsa bir hissəsini müştərilərdən almalıdır. Bu baxımdan bankların nağd əməliyyatlar üzrə komisyon haqq tutması adi haldır və bu, bütün dünyada var”.
“Komisyon haqlar eyni olmamalıdır”
Bank öz müştərisinə və yaxud digər bankın müştərisinə nağdlaşdırma xidməti göstərəndə komissiya haqqı eyni olmalıdırmı sualına ekspert belə cavab verib: “Yox, komisyon haqları eyni olmamalıdır. Çünki bank öz müştərisinə xidmət göstərəndə həmin müştəri pulunu o bankda saxlayır. Bu yol ilə həmin müştəri öz bankına xeyir verir. Amma başqa bankın müştərisinin bu banka nə aidiyyəti var? Niyə bu bank digər bankın müştərisinə öz müştərisi kimi eyni qiymətlə xidmət göstərməlidir? Bütün bunlar bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Məsələn, A bankı xərc çəkib rayonda daha çox bankomat saxlayır. Digər bank isə onun rəqibidir. Niyə digər bankın müştərisi həmin bankomatdan istifadə edəndə eyni komissiya haqqı tutulmalıdır? Qoy, digər bank da xərc çəkib bankomat alsın”.
Banklar komisyon haqq müəyyən etməkdə sərbəstdirlər
O bildirib ki, “Banklar haqqında” qanuna görə banklar komisyon haqq müəyyən etməkdə sərbəstdirlər: “Əgər deputat bu vəziyyətlə razı deyilsə, o zaman qanuna dəyişiklik etsinlər. Əgər dövlət bankların həmin xərclərini qarşılayırsa, o cümlədən Mərkəzi Bank nağd pulu banklara komissiya haqqı tutmadan verirsə, o zaman bunu tətbiq etmək olar”.
“Hər bir bankın öz komisyon haqları var, fərqlidir. Amma ümumiyyətlə, komissiya haqqı 2 faizədəkdir”, – deyə ekspert əlavə edib.
Qeyd edək ki, noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycanın 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə də baxılacaq: “Bu komissiyaların hesabına banklar nağdsız əməliyyatları təşviq edir. Yəni bunun hesabına istehlakçılara “cash back” verirlər. Bu gün Azərbaycan bu sahə üzrə regionda ən yüksək göstəricilərə sahibdir”.
Xatırladaq ki, “Banklar haqqında” qanuna görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir.