Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir

Rusiya Prezidenti AZƏRTAC-ın İdarə Heyəti sədrinin sualını cavablandırıb

Sankt-Peterburq, 5 iyun, AZƏRTAC

İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.

TASS tərəfindən təşkil olunan görüşdə 15-dən çox ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.

Prezident Vladimir Putin AZƏRTAC-ın İdarə Heyəti sədrinin sualını da cavablandırıb.

Vüqar Əliyev: Salam, Vladimir Vladimiroviç. Bu gün bizə vaxt ayırdığınız üçün sağ olun. Bu gün Azərbaycan ilə Rusiya arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Bu yaxınlarda Prezident İlham Əliyevin Moskvaya səfəri nəinki ölkələrimiz üçün əlamətdar olan Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyini qeyd etmək, həm də ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanı yaratdı. Siz ikitərəfli əməkdaşlığımızın perspektivlərini, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizi baxımından necə qiymətləndirirsiniz?

Prezident Vladimir Putin: Münasibətlərimiz uğurla, etibarlı və çox praqmatik şəkildə inkişaf edir. Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil. Mən bilirəm ki, Prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir. Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir. Nə üçün? İkitərəfli əlaqələrin inkişafı üçün və bu əlaqələr hazırda inkişaf edir. İndi bizdə ticarət dövriyyəsinin ümumi həcmi, əgər dollarla ifadə etsək, 4,5-4,6 milyard dollar təşkil edir. Temp yaxşıdır. İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk.

Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, – Rusiyada biz bu əhvali-ruhiyyədəyik, – nəticələr də yaxşı olacaq. Bu baxımdan, logistikanın inkişafı baxımından çox iş görmək lazımdır, Siz tamamilə haqlısınız. Bu, yalnız Şimal-Cənuba yox, digər vektorlara – Rusiya və Azərbaycan sərhədində, Dağıstan hissəsində logistika mərkəzlərinin tikintisinə də aiddir. Orada artıq iş gedir. Bu, digər istiqamətlərə də aiddir. Rusiyada Azərbaycandan, o cümlədən Rusiya büdcəsi hesabına təhsil alan tələbələr çoxdur. Biz görürük ki, gənclərin Rusiyada təhsil almağa marağı da kifayət qədər böyükdür.

Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər. Buradan yüklər sizin və mənim olduğumuz yerdən – Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir. Pis heç nə demək istəmirik, Süveyş kanalı, əksinə, dünya ticarəti üçün çox gərəklidir. Ancaq bu dəhliz malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq. Məncə, 10 gün daha tez başa gələcək. Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Aydındır, çünki suveren fondlar həmişə etibarlı investisiya sahələri axtarır. Bu layihə etibarlı investisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var.

Burada əlavə, araşdırma tələb edən məsələlər var. Bu dəhliz hansı ərazilər, o cümlədən Azərbaycanın hansı əraziləri üzrə olacaq və onu necə maliyyələşdirəcəyik? Bu, kredit şəklində olacaq, yoxsa Rusiya tərəfindən birbaşa maliyyələşdiriləcək? Bu dəhliz Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə birləşəcək? Sonra iranlı tərəfdaşlarımızla, dostlarımızla İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrini necə inşa edəcəyimizi, bu şaxələrin dar və ya geniş olacağını müzakirə edərək yekunlaşdırmalıyıq. Ancaq ən başlıcası odur ki, hamı bu layihənin həyata keçirilməsinin tərəfdarıdır. Biz faktiki olaraq, bu işə rəhbərlik məsələsini həll etmişik. Bizdə VTB bununla fəal şəkildə məşğul olur. Mən bu layihəni həyata keçirəcəyimizə qətiyyən şübhə etmirəm. Məsələ, əlbəttə ki, müddət və xərclərlə bağlıdır, lakin ümumən bu məsələlər, demək olar ki, işlənərək hazırlanıb. Beləliklə, bu, çox yaxşı bir layihədir, lakin birgə həyata keçirdiyimiz yeganə layihə deyil.

Bundan başqa, Azərbaycan Xəzəryanı dövlətdir, Xəzəryanı dövlətlərin beşliyinə daxildir və burada da, o cümlədən Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərdə də bizim bir çox ümumi maraqlarımız var.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top