Paytaxtda növbəti dəfə geniş təmizlik işləri aparılır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paytaxtda növbəti dəfə geniş təmizlik işləri aparılır

Bakı, 10 avqust, AZƏRTAC

Son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 10-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından etibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulur. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülür.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyir, ətrafında səliqə-sahman yaradırlar. Eyni zamanda, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak edərək yaşadıqları mənzillərin pəncərələrini və binaların həyətini təmizləyirlər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir və təbii gübrələr verilir. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top