Paytaxtda bazarların bağlanması mümkündürmü? - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paytaxtda bazarların bağlanması mümkündürmü?

Millət vəkili bu təkliflə çıxış edir, amma…

“Hesab edirəm ki, Bakıda bir tək Təzə bazarı saxlamaq şərtilə digər bazarlar ləğv edilməlidir. Təzə bazarı da yenidən qurmaq lazımdır”. Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının rəhbəri Eldar Quliyev Modern.az saytına müsahibəsində bildirib.
O qeyd edib ki, iqtisadi yüksəlişimiz çox yaxşı olduğuna görə Azərbaycana kifayət qədər qonaqlar gəlib-gedir. Biz onları  daha yaxşı yerlərə apara bilərik: “Biz  tariximizi qorumaq şərtilə bu bazarı yenidən tikməliyik. Dünyada da bu belədir, 3-4 mərtəbəli marketlər tikilir, onun 1-ci mərtəbəsi kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılır. Şəraiti yüksək səviyyədə etməklə, gigiyenik qaydalara əməl etməklə bu cür yüksək səviyyəli yerlər yaratmaq olar”.
Düzdür, hazırda bir çox marketlərdə kənd təsərrüfatı məhsulları satılsa da, bir çox insanlar bazara üstünlük verir. Bazar qiymətləri həm də əhalinin cibinə daha münasibdir. Yəni, belə desək, bazarın özünəməxsus alıcı kütləsi var və onların marketlərdən kənd məhsulları aldığını nadir hallarda görürük. Bəs bu halda bazarların ləğv edilməsi nə dərəcədə real görünə bilər? Ümumiyyətlə, bazarların ləğv edilməsi doğru addım olarmı? Hansı halda bu reallaşa bilər?
Bazar çox olanda, rəqabət də güclü olur
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bazarların bağlanmasına ehtiyac olmadığını, onların sayının optimallaşdırılmasının vacib olduğunu bildirdi: “Bazarların bağlanmasının tərəfdarı deyiləm. Çünki bir tərəfdən bazar iş yeridir. Fermerlər öz məhsullarını bazara daha çox çıxara bilir. Çünki iri supermarketlərə fermerlərin çıxış imkanları məhduddur. Kənd məhsullarının satılması baxımından bazarlar daha məqbuldur. Bazarlar rəqabəti formalaşdırır. Bazar nə qədər çox olursa, rəqabət o qədər güclü olur. Mən şəhərin hər yerində bazar yaradılmasının tərəfdarı deyiləm. Bazarların sayının optimallaşdırılması vacibdir. Xüsusilə Bakının rayonları üzrə bazarların sayının optimallaşdırılmasına ehtiyac var. Bakıda bazarların qorunub saxlanması rəqabətin gücləndirilməsi baxımından vacibdir”.
İqtisadçı deyir ki, mövcud bazarları qoruyub saxlamaqla da yeni standartlar müəyyənləşdirmək mümkündür. Gigiyenik qaydalar, sanitariya ilə bağlı konkret qaydaların müəyyənləşdirilməsinə və onlara riayət edilməsinə ehtiyac var: “Əgər bunlar müəyyənləşdirilərsə, gigiyenik baxımdan təmiz olarsa, bazarların fəaliyyət göstərməsində problem yoxdur. Hətta ABŞ-də belə bizim kolxoz bazarlarına bənzər fermer bazarları var. Onların bir qismi daimi olur, bir qismi isə şənbə-bazar günləri təşkil olunur. Bütün hallarda fermerlərə imkan verilir ki, onlar öz məhsullarını ənənəvi bazarlarda satma imkanlarına malik olsunlar.
“Bazarlarda qiymətlər supermarketlərdən ucuzdur”
Bazarların bağlanması deyil, təkmilləşdirilməsi, sağlamlaşdırılması daha məqsədəuyğundur. Gigiyenik qaydaların gözlənilməsi, bazara çıxış imkanlarındakı süni baryerlərin aradan qaldırılması işləri aparılmalıdır. Bazar kəndli üçün əlçatan olmalıdır. Fermer istehsal etdiyi məhsulu bazarda satmalıdır. Bu baxımdan güman edirəm ki, bazarların sağlamlaşdırılması həyata keçirilərsə, bu, rəqabətin qorunub saxlanmasına və fermerlərə məhsullarının satış imkanlarının verilməsinə gətirib çıxaracaq. Bazarların bağlanması isə heç də az olmayan iş yerlərinin bağlanması, fermerlərin satış imkanlarının məhdudlaşdırılması deməkdir”.
V.Bayramov deyir ki, bazarlarda qiymətlər supermarketlərlə müqayisədə daha ucuzdur. Bunun əsas səbəbi isə marketlərarası rəqabətdir: “Supermarketin xərci çoxdur. Bazarda birbaşa məhsul çıxarmaq imkanları var. Ona görə indiki məqamda bazarların bağlanması arzuolunan deyil. Həm sosial, həm iqtisadi tərəfləri var. Amma bazarların sağlamlaşdırılması, müasirləşdirilməsinə, ekoloji və keyfiyyət standartlarının tətbiq edilməsinə ehtiyac var”.
“Ekoloji və keyfiyyət baxımdan sağlamlaşdırılma aparılıdır”
İqtisadçı onu da bildirdi ki, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı dünya təcrübəsində fərqli modellər var. Azərbaycanda isə bu modellərin sintezinin təşkili daha uğurlu olar: “ABŞ-da təhsil alanda yaşadığım yerin yanında kənd təsərrüfatı məhsullarının bazarı təşkil olunurdu. Bu adi bizim bazarlar kimi idi. Həmin bazarda fermerlər öz məhsullarını birbaşa çıxara bilirdilər. Bunun üstünlüyü odur ki, həmin bazarda satılan məhsullar ekoloji baxımdan təmiz idi, qiymətlər uyğun olurdu. Azərbaycan dünyadakı fərqli modellərin sintezini tətbiq etməlidir. Yəni bazarlar saxlanılmalı, paralel olaraq onların ekoloji və keyfiyyət baxımdan sağlamlaşdırılması həyata keçirilməlidir”.
Millət vəkili Eldar Quliyev isə deyir ki, qədim bazar formasında bir bazarı saxlamaq şərtilə ölkədə kənd təsərrüfatı satışının supermarketlərdə aparılmasının tərəfdarıdır. Bir bazar isə tarixiliyi əks etdirmək, turistlərə təqdim etmək baxımından saxlanılsa, yetər: “Şərq” bazarı tipli bir bazar formalaşdırılsa, yaxşı olar. Ümumilikdə kənd təsərrüfatı məhsullarının satışının yavaş-yavaş böyük marketlərdə aparılmasının tərəfdarıyam. Dünya təcrübəsində belədir ki, böyük marketlərin birinci mərtəbəsində kənd təsərrüfatı məhsullarının satışı aparılır. Həm orada şərait yaxşı olur. Qapalı məkan, soyuducu, malı saxlamaq üçün anbarlar və s. var. Bizim bazarların isə əksəriyyətinin üstün açıqdır, yayda gün vurur, qışda yağış, qar. “Şərq” bazarı tipli bazar formalaşdırılmasını ona görə istəyirəm ki, Azərbaycanda turizm inkişaf edir, ölkəmizə xeyli qonaq gəlir. “Təzə bazar” şəhərin mərkəzindədir. Onu söküb əvvəlki bazarlar formasında qurmaq yaxşı olar. Bizim tarximizi yaşadar”.
Kəndlinin məhsulunun rahat satışına şərait yaradılmalıdır
E.Quliyev deyir ki, kənd təsərrüfatı məhsullarının satışını nə qədər çox market aparsa, qiymətlər də o qədər aşağı düşəcək. Biri var kənd təsərrüfatı məhsullarını 5-6 market satsın, biri də var şəhərin bütün marketləri. Millət vəkili bildirdi ki, kənd təsərrüfat məhsullarının satışı ilə bağlı dünya təcrübəsində daha uğurlu üsullardan biri də həftə sonları təşkil edilən yarmarkalardır. Həftə sonu bitdiyində artıq yarmarka da qapadılır: “Şənbə-bazar günləri Parisin özündə, Almaniyanın şəhərlərində kənd təsərrüfatı məhsullarının yarmarkaları olur. Qiymətlər də münasib olur. Biz də bu cür yarmarkaların açılmasının tərəfdarıyıq.
Biz indi Kənd təsərrüfatı koperasiyası haqqında qanun qəbul edirik. Orada konkret olaraq göstərilir ki, kəndlilərə məhsullarını rahat şəkildə satmaq üçün icazə verilsin. Bu gün bazarlarda qiymətlərin yüksək olmasının bir səbəbi də odur ki, bazarlarda korporativlərin satış yerləri yoxdur. Bazarlarda bunlara yer vermirlər. Yaxud da mərkəzləşdirilmiş tədarük idarəsi yaradılsın ki, kəndlilərin məhsulunu alıb satış nöqtələrinə paylasın”.
E.Quliyev qeyd etdi ki, bazarların çoxunda gigiyena qaydalarına əməl edilmir. Satış marketlərdə olsa bu problem aradan qalxar: “Rəhbərlik bu kimi işlərə görə məsuliyyət daşıyır. Məhsul yaxşı olmayanda satışdan çıxarırlar. Bazarlarda isə bu nəzarəti aparmaq çətindir”.
Mənbə: Kaspi.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top