
Ombudsman Əfv Sərəncamının icrası prosesində iştirak edib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının icra olunması prosesində iştirak edib.
AZƏRTAC xəbər verir ki, ombudsman Əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, Tərbiyə Müəssisəsində, 4,6,10 saylı cəzaçəkmə müəssisələrində olub. Ombudsman Səbinə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan dövlətçiliyinin 30 ildən artıq müddətdə taleyi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən biri də insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən humanizm prinsiplərinə əsaslanan cəza-icra siyasəti olub, keçmiş SSRİ respublikaları içərisində yeni yanaşma kimi qətimkan tədbiri qismində həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, 1993-cü ildə icrasına moratorium qoyularaq 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Ümummilli Liderin hakimiyyətdə olduğu 1995-2003-cü illərdə imzalanmış əfv sərəncamları, qəbul edilmiş amnistiya aktlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Ombudsman Səbinə Əliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də həmin siyasi kursu davam etdirməkdədir. Dövlətimizin başçısının əfv sərəncamları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları məhz Ulu Öndərin cəza-icra siyasətinin uğurlu davamıdır.
Səbinə Əliyeva əfv olunmuş məhkumlara, o cümlədən yetkinlik yaşına çatmayanlara və qadınlara azadlığa çıxmaları haqqında sənədləri təqdim edib, onları və ailə üzvlərini təbrik edib. Ombudsman əfv olunmuş şəxsləri qanun pozuntularından çəkinməyi, göstərilən humanizm nümunəsini dəyərləndirməyi tövsiyə edərək onlara gələcək həyatlarında uğurlar arzu edib.
Əfv olunan şəxslər insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Ombudsman Aparatının məsul əməkdaşları da Ədliyyə Nazirliyinin Probasiya xidmətində, həmçinin cəzaçəkmə müəssisələrində Əfv Sərəncamının icrasında iştirak ediblər.
Xatırladaq ki, Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Əfv olunmuş şəxslərdən 59 nəfər ombudsmanın vəsatətləri əsasında müvafiq siyahıya salınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]