Nazir müavini: “Yaradıcı sənaye Qarabağın iqtisadi inkişafı üçün əsas sahədən birinə çevrilə bilər” - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir müavini: “Yaradıcı sənaye Qarabağın iqtisadi inkişafı üçün əsas sahədən birinə çevrilə bilər”

“Yaradıcı sənayelər Azərbaycanın azad edilmiş ərazilərində iqtisadi inkişaf və məşğulluq üçün əsas sahələrdən birinə çevrilə bilər”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması, həmçinin işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın təmin olunması biznes mühitində ciddi dəyişikliklərə səbəb olacaq və azad edilmiş ərazilərimizin reinteqrasiyası iqtisadiyyata böyük dinamiklik gətirəcək:

“Məlum olduğu kimi, 2021-ci ildən sənaye parklarının sırasına Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları da qoşulub. Digər sənaye parklarında olduğu kimi, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında da sahibkarlar üçün əlverişli biznes, investisiya mühiti yaradılır. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf kursuna uyğun iqtisadi artımın təmin olunması üçün müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması və biznes üçün təşviq mexanizmlərinin tətbiqi vacib məsələlərdəndir”.

E.Əliyev hesab edir ki, Azərbaycanda yaradıcı sənayenin iqtisadiyyatın mühüm sektoru kimi inkişafı baxımından geniş potensial mövcuddur.

“Xalqımızın zəngin yaradıcılıq irsi, ölkəmizdəki multikultural mühit bu sahənin inkişafı üçün münbit ekosistemin mövcudluğunu şərtləndirir. Yaradıcı sahələrin inkişafına zəmin yaradan digər amil kimi iqtisadiyyatın diversifikasiyası fonunda qeyri-neft ixracının artmasına, innovasiyanın tətbiqinə və insan kapitalının inkişafına dövlət dəstəyini vurğulamaq istərdim”, – nazirin birinci müavini bildirib.

Onun sözlərinə görə, iqtisadi qloballaşma Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının bütün istiqamətləri üçün yeni perspektivlər açmaqla yanaşı, qarşıya bir sıra çağırışlar da qoyur:

“Bu çağırışlara çevik və adekvat yanaşma, həmçinin imkanlardan səmərəli istifadə iqtisadiyyatımız üçün vacib məsələlərdəndir. Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir.

Bildiyiniz kimi, ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artıb. Bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-in real həcmi 5,8%, o cümlədən qeyri-neft-qaz sektoru 10,3 % artıb. Cari ilin yanvar-iyul aylarında isə qeyri-neft-qaz sektorunun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% artaraq təqribən 1,7 milyard ABŞ dollarına çatıb”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top