Nazir müavini: “Azad edilmiş ərazilərdəki sənaye parkları investorların üzünə açıqdır” - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir müavini: “Azad edilmiş ərazilərdəki sənaye parkları investorların üzünə açıqdır”

“İşğaldan azad edilmiş ərazilərdə yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı və “Ağdam Sənaye Parkı” artıq fəaliyyət göstərir və investorların, sahibkarların üzünə açıqdır”.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycanın işgüzar dairələri ilə görüşündə bildirib.

“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik bu sənaye parkları regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün mühüm mexanizmdir”, – nazir müavini qeyd edib.

Onun sözlərinə görə, əsas milli prioritetlərdən biri də Qarabağın və işğaldan azad edilmiş Şərqi Zəngəzur ərazilərinin dirçəldilməsidir. Artıq ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıb, işğal zamanı dağıdılmış şəhərlərin baş planları hazırlanaraq təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və yaxın vaxtlarda Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.

Sahib Məmmədov onu da əlavə edib ki, yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edilməklə həyata keçirilir. Qarabağ “yaşıl enerji” zonası elan edilib. “Yaşıl” və alternativ enerjidən istifadəyə, “sıfır tullantı” konsepsiyasına xüsusi diqqət yetirilir, işğaldan azad edilmiş ərazilərdə bütün layihələr ən müasir texnologiyalardan və ekoloji standartlardan istifadə edilməklə həyata keçirilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top