NAZİR HEYDƏR ƏSƏDOV QƏTƏR DÖVLƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

NAZİR HEYDƏR ƏSƏDOV QƏTƏR DÖVLƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

ECONOMİC.AZ: May ayının 18-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin Azərbaycan Respublikasın- dakı Fövqəladə və Səlahiyyətli səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə və Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli ilə görüşüb.

Görüşün məqsədi ikitərəfli iqtisadi münasibətlər və investisiya mühiti ilə bağlı müzakirələrin aparılması olub.

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsini məqəsədəuyğun olduğunu diqqətə çatdırdı. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə gürülən tədbirlər haqqında geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Nazir Azərbaycanda Qətərlə birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının, xüsusilə heyvandarlıq məhsullarının bu ölkəyə ixracı, aqrar sahədə biznes əlaqələrinin daha da genişləndirilməsi üçün Qətər iş adamlarının Azərbaycana səfər etməsini məqsədəuyğun hesab etdi və iki ölkənin iş adamları üçün işgüzar əlaqələrin qurulması üçün ölkəmizdə böyük potensialın olduğunu qeyd etdi.

Nazir Heydər Əsədov bildirdi ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi ilə digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir. Nazir ölkəmizin 11 iqlim qurşağından 9-nun mövcud olduğu coğrafi məkanda yerləşdiyini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan da keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırdı. Nazir Heydər Əsədov Azərbaycanda meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda ölkəmizdən ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini vurğuladı. Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət etdi və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğuladı.

Nazir belə görüşlərin, danışıqların və müzakirələrin artıq praktiki müstəviyə keçirilməsinin zəruriliyini qeyd etdi.

Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli Qətər şirkətlərinin mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçiriləcək Caspian Agro-2016 Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edəcəklərini və Azərbaycanın iş adamları ilə işgüzar əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırdı. O, Qətərdə özəl sektorun çox fəal olduğunu vurğulayaraq iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün biznes imkanlarının araşdırılmasının vacibliyini söylədi. Məhəmməd Al-Ubeydli, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının həqiqətən də yüksək keyfiyyətə malik olduğunu müşahidə etdiyini, Qətərin kənd təsərrüfatı məhsullarının 90 faizini idxal etdiyini, Azərbaycandan bitkiçilik, heyvandarlıq məhsullarının, xüsusən də qoyun ətinin idxal olunmasında maraqlı olduqlarını nəzərə çatdırdı.

Sonda Məhəmməd Al-Ubeydli Qətərlə Azərbaycan arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi  məqsədi ilə Azərbaycanın iş adamlarını Qətərə dəvət etdi.

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə səmimi qəbula görə təşəkkür edərək Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top