Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib
Moskva, 18 iyun, AZƏRTAC
Moskvada gənc şairə Səidə Rəhimlinin “Yenə nağıl istəyirəm” (“Мне вновь хочется сказки”) adı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabı rus dilinə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü, şair-tərcüməçi Afaq Şıxlı tərcümə edib.
Tədbiri gecənin təşkilatçısı, Moskva şəhəri Qərb bölməsi Milli-Mədəni Muxtariyyatının sədri Əli Kazımov açaraq, Səidə Rəhimlinin yaradıcılığından danışıb.
Afaq Şıxlı isə öz çıxışında tərcümə işinin əhəmiyyətindən və məsuliyyətindən danışıb: “Tərcüməçi müəllifin ruhunu, açıqlamaq istədiyi mövzunu qoruyub saxlamaqla, müəllifi başqa dildə danışdırır. Tərcümənin gözəlliyi – onun unikallığı, orijinaldan əsla zəif olmamasıdır. Bir tənqidçinin dediyi kimi, tərcümə – tərcüməçinin avtoportretidir”.
A. Şıxlı vurğulayıb ki, qürbət ellərdə yazılan şeirlərin bambaşqa ab-havası olur: “Mühacir yazarların özgə bir fəlsəfəsi, əsərlərinin isə özgə bir çaları olur. Onlardan biri də Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, ilk kitabını məhz bu şəhərdə ərsəyə gətirən gənc şairə Səidə Rəhimlidir”.
Gecədə Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Azərbaycan diasporunun üzvləri – Həşim Əliyev, Validə Məmmədova, Leyla Fərəcova, Nəsibə Fərəcova, Nəzakət İbrahimova, Yaşar Süleymanlı, Abbas İlham, Ülviyyə Əzizova, Reyhanə Aslan, Rəşid Mədədzadə və başqaları həm kitabın müəllifi, həm də tərcüməçisi haqqında öz ürək sözlərini söyləyiblər.
Qiraətçilər Səidə Rəhimlinin Azərbaycan və rus dillərində şeirlərini səsləndiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]