Monteneqronun “Mayami”si adlandırılan Budvadan – FOTOREPORTAJ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Monteneqronun “Mayami”si adlandırılan Budvadan – FOTOREPORTAJ

Budva, 21 avqust, AZƏRTAC

Adriatik dənizi sahilində yerləşən Budva Monteneqronun ən məşhur və ən çox ziyarət edilən şəhəridir. Budva ətrafındakı “Budva Rivierası” adlanan sahil xətti, yaxşı qorunub saxlanılan Orta əsrlərə aid qala divarlı köhnə şəhəri, qumlu çimərlikləri və gecə həyatı ilə tanınan Monteneqro turizminin mərkəzidir.

Monteneqronun incisi sayılan və son illərdə əhəmiyyəti artan Budva turistlərin diqqət mərkəzinə çevrilən sakit kurort mərkəzlərindəndir. Təxminən 2500 illik tarixi olan şəhər Adriatik dənizi sahilindəki ən qədim və cəlbedici yaşayış məntəqələrindən biridir. Tarixi qeydlərə görə, Budva şəhəri IV əsrdə qurulub və o vaxtdan bəri Roma İmperiyası, Bizans İmperiyası, Venesiya Respublikası və Monteneqro Krallığı kimi bir çox fərqli sivilizasiyanın hakimiyyəti altında olub.

Sahil zolağında yerləşdiyinə görə çoxlu çimərliklərə malik olan şəhərdə yay turizmi çox populyardır. Bundan əlavə, Monteneqronun tarixi yerləri, atmosferi və təbii gözəllikləri ilə ziyarət etməkdən zövq alan şəhərlərindən biridir. Orta əsrlərdən qalma tarixi şəhər olan Budva Venesiyanın Adriatik dənizi sahilindəki qalalarından biridir.

Budva köhnə və yeni şəhər olmaqla iki ayrı hissəyə bölünür. Köhnə şəhər “Stari Grad” Orta əsrlərə aid dar, labirint kimi küçələri ilə tarixi teksturanın hiss olunduğu yerdir. Bura xüsusilə tarix və mədəniyyət həvəskarlarının üz tutduqları məkandır. Tarix boyu yunanlar, romalılar, venesiyalılar və slavyan sivilizasiyalarının hakim olduğu Budvanın bu tarixi hissəsi bir çox fərqli mədəniyyətin izlərini daşıyır. Köhnə şəhərdə Roma İmperiyası və XV əsrin sonlarına qədər hökmranlıq edən Venesiya Respublikası öz izini qoyub. 1667-ci ildə baş verən şiddətli zəlzələ nəticəsində ciddi ziyan görən şəhər venesiyalılar tərəfindən demək olar yenidən qurulub. 1979-cu ildə baş verən zəlzələdə isə köhnə şəhər ciddi ziyan görsə də, 10 il ərzində burada bərpa işləri aparılıb. Bu tarixi hissə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Şəhərin mədəni quruluşuna dəyər qatan Budva qalası XV əsrdə Venesiya Respublikası tərəfindən müdafiə məqsədilə inşa olunub. Qala ətrafında dolaşarkən Venesiya Respublikasının gerbi olan tarixi müdafiə divarlarını, qədim topları və şir fiqurlarını görmək mümkündür. Şəhərin əsas tarixi abidələrindən olan qalada muzey, kitabxana və restoran fəaliyyət göstərir. Muzeydə qədim sikkələr və Budvanın tarixinə dair sənədlər sərgilənir. İlliriya, Qədim Yunan və Roma dövrlərinə aid xarabalıqlar da bu qala divarlarının çox daha əvvəl mövcud olduğunu göstərir. Qala Adriatik dənizinin ecazkar mənzərəsini seyr etmək üçün ən ideal yerdir.

Budva qalasının ətrafında çoxlu kilsə var. Müqəddəs Mariya kilsəsi, Podmen monastırı, Müqəddəs Sava və Müqəddəs İvan kilsələri, Arxeologiya Muzeyi Budvadakı tarixi və mədəni tikililərdir.

Şəhərin mərkəzində, Budva meydanında yerləşən “Rəqs edən qız heykəli” Budva ilə yanaşı, Monteneqronun da simvollarından sayılır. 1965-ci ildə heykəltəraş Qradimir Aleksiç tərəfindən bürüncdən hazırlanıb və şəhərin əsas çimərliklərindən biri olan Moqrendə qayaların üzərində ucaldılıb. Heykəllə bağlı çoxlu inanc var ki, bunlardan ən məşhuru ona toxunmağın uğur gətirməsidir. Başqa bir rəvayətə görə, Monteneqronun ən məşhur gimnastı üzmək istəyərkən bu qayalardan yıxılaraq ölüb və heykəl onun xatirəsinə ucaldılıb. Ancaq bu gimnastın kim və adının nə olduğunu heç kim bilmir.

Budvanı Adriatik dənizi sahilinin məşhur turizm mərkəzlərindən birinə çevirən başqa əsas səbəb, hər təbəqədən olan turistləri cəlb etməsidir. Bura həm dəniz, günəş və gözəl çimərliklərdən, həm tarixdən, həm də füsunkar təbiətdən həzz almaq üçün ideal yerdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Budva

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top