Media nümayəndələri terrorizm anlayışı və onun növləri barədə məlumatlandırılıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Media nümayəndələri terrorizm anlayışı və onun növləri barədə məlumatlandırılıblar

Ankara, 12 iyul, Elmir Səftərov, AZƏRTAC

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin 11-ci gününə partlayıcı maddələr və təhlükəli ərazilər dərsi ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri terrorizm anlayışı və onun növləri barədə məlumatlandırılıblar. Bildirilib ki, terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün istifadə olunur.

Həmçinin bombalar, qumbaralar və onların təyinatı, tətbiqetmə üsulu və hədəfə göstərdiyi təsirə görə xüsusiyyətləri izah olunub. Dərsdə mina təhlükəsi və partlamamış hərbi sursatlar haqqında slayd nümayiş etdirilib və onlardan qorunma yolları haqqında geniş maarifləndirici məlumatlar verilib.

Sonra media nümayəndələri təlim çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) olublar. Onlara TİKA-nın yaranma tarixi, layihələri, missiyası, təməl dəyərləri barədə məlumat verilib. Bildirilib ki, TİKA Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan təşkilat xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarını təşkil edir. Bərpa, səhiyyə, təhsil, kənd təsərrüfatı və heyvandarlıq, inzibati və mülki infrastrukturun inkişafı kimi bir çox sahələrdə aktivdir.

Bu gün TİKA Orta Asiya, Balkan regionu, Afrika, Şərqi Asiya, Latın Amerikası ölkələri başda olmaq üzrə 61 ölkədə 63 proqram koordinasiya ofisi ilə 150 dövlətdə fəaliyyət göstərir. Türkiyənin TİKA vasitəsilə dost, qardaş və yaxın ölkələrə yönəlmiş səylərinin əsasını sülh yaratmaq səyləri təşkil edir.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da iştirak edir.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top