Lənkəranda almanlar tərəfindən inşa olunan bir əsrlik körpü – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lənkəranda almanlar tərəfindən inşa olunan bir əsrlik körpü – FOTO

Lənkəranda 100 ilə yaxın yaşı olan Sütəmurdov körpüsündən bu gün də intensiv istifadə olunur. Bir vaxtlar alman mütəxəssisləri tərəfindən inşa olunmuş bu körpünün əsas özəlliklərindən biri onun beton deyil, tamamilə dəmir konstruksiyalardan ibarət olmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1929-cu ilə qədər Lənkəran çayının bir tərəfindən digərinə keçmək üçün kiçik qayıqlardan istifadə edilib. Lakin intensiv yağıntılar zamanı çayda suyun kəskin artması təhlükəsizlik baxımından qayıqdan istifadə imkanını xeyli çətinləşdirirmiş. Elə buna görə də alman mütəxəssislərinin iştirakı ilə Lənkəranda eyniadlı çayın üzərində mövcud körpünün inşasına qərar verilib.

Tarixçi Aslan Aslanov bildirir ki, Lənkəran-Astara zonası yağıntıların ən çox düşdüyü ərazidir. Ona görə də güclü yağışlar yağanda çaya sel gəlirmiş və əhalinin bir sahildən digər sahilə keçməyi üçün ciddi problemlər yaranırmış. Onun üçün də 1929-1932-ci illərdə alman mütəxəssisləri tərəfindən bu körpü tikilib.

“Lənkəran şəhərini Sütəmurdov kəndi ilə birləşdirən avtomobil körpüsü tamamilə dəmir konstruksiyalardan inşa olunub. Əvvəllər Sütəmurdov körpüsündən istənilən avtomobilin keçidinə icazə verilsə də, sonralar buradan yük avtomobillərinin keçidi qadağan edilib. 1985-ci ildə Sütəmurdov körpüsündəki piyada keçidi ondan ayrılaraq 8 metr aralıda yenisi ilə əvəzlənib”, – deyə tarixçi əlavə edib.

Sütəmurdov körpüsü 1972-2005-ci illərdə əsaslı təmir edilərək, əlavə dəmir konstruksiyalar quraşdırılıb. Hazırda nəqliyyat vasitələri intensiv şəkildə hər iki istiqamətdə günboyu bu körpüdən gedib-gəlir.

Qeyd edək ki, Sütəmurdov körpüsü yerli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top