Kitabxanada “Milli musiqimizin banisi" adlı videoçarx təqdim edilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kitabxanada “Milli musiqimizin banisi” adlı videoçarx təqdim edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Milli Musiqi Günü münasibətilə sərgi-söhbət keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşı Lamiyə Osmanova bəstəkar, milli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib. O, Ü.Hacıbəylinin milli musiqimizin tarixində əsas rolundan danışaraq, qeyd edib ki, dahi bəstəkar müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olub, həmçinin milli bəstəkarlıq məktəbinin təməlini qoyub. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. Musiqişünas alim, publisist, pedaqoq və ictimai xadim olan Ü.Hacıbəyli 300-dən çox xalq mahnısını toplayaraq nota salıb. Marş, kantata, fantaziya, mahnı və romanslar, eləcə də kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur.

Bəstəkarın Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.

Qeyd edək ki, bəstəkar, musiqişünas alim və ictimai xadim Üzeyir Əbdülhuseyn oğlu Hacıbəyli 1885 – ci ildə Ağcabədidə bəy ailəsində anadan olub. Onun uşaqlıq illəri Şuşada keçib. Ali təhsilini rus – tatar məktəbində alıb. 1899–1904-cü illərdə Qori seminariyasında təhsil alıb. Ü.Hacıbəyli “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını bəstələyib. O, operalarla yanaşı Azərbaycanda musiqili komediya janrının da əsasını qoymuş “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərlərini yazıb. O, həmçinin 1921-ci ildə Bakıda ilk musiqi məktəbinin yaradılmasında mühüm rol oynayıb və özü bu məktəbin direktoru olub.

Unudulmaz sənətkar Ü.Hacıbəyli 1948-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Tədbirin sonunda kitabxananın əməkdaşı Sədaqət Hacıyeva “Milli musiqimizin banisi” adlı videoçarx təqdim edib.

AZERTAG.AZ :Kitabxanada “Milli musiqimizin banisi” adlı videoçarx təqdim edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top