Kişineuda Müstəqillik Günü və Heydər Əliyevin anadan olmasının100 illiyi qeyd edilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kişineuda Müstəqillik Günü və Heydər Əliyevin anadan olmasının100 illiyi qeyd edilib

Kişineu, 26 may, AZƏRTAC

Moldovanın Kişineu şəhərində Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Prezidenti Maya Sandu, parlamentin sədri İqor Qrosu, nazirlər, deputatlar, Moldovada akkreditə olunan xarici ölkələrin səfirləri, yerli KİV-lər iştirak ediblər.

Respublika Sarayında keçirilən tədbirdən öncə iştirakçılar ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan fotosərgi ilə tanış olub.

Azərbaycan və Moldovanın dövlət himnləri səsləndikdən sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ilk öncə dəvəti qəbul edib, tədbirə gəldiyi üçün Prezident Maya Sanduya, parlament sədri İqor Qrosa və digər iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edilib ki, 1918-ci il mayın 28-də bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər, o cümlədən dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahəsində atdığı addımlar 70 ildən sonra milli dövlətçilik ənənələrimizin bərpası işində mühüm və böyük rol oynayıb. Təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etdi. Məhz 1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtması – ölkəmizi böyük fəlakətdən xilas etdi. Ulu Öndərin misilsiz xidmətləri nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparılması nəticəsində, ölkəmiz inamla irəliyə getməyə başladı.

Azərbaycan ilə Moldova arasında əlaqələrin məhz Heydər Əliyevin dövründə inkişaf etməyə başladığı və bu gün iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq xarakteri daşıdığı bildirilib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin siyasətini bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hər bir azərbaycanlı üçün qürur mənbəyi olan 44 günlük Vətən müharibəsində Şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. İşğal altında olan torpaqlarımız azad olunub, bu möhtəşəm Qələbə ilə haqq bərqərar olub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Tədbirdə çıxış edən Prezident Maya Sandu bildirib ki, 1918-ci il 28 may tarixində Azərbaycan xalqının öz taleyini əlinə alaraq, azad və müstəqil olmaq arzusunu təsdiqləyən Azərbaycan Demokratik Respublikası elan edilib. Bu günlərdə həm də müasir Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olub. “Bütün Azərbaycan vətəndaşlarına, eləcə də Moldova Respublikasında yaşayan Azərbaycan icmasına səmimi təbriklərimi çatdırmaq fürsəti əldə etdiyimə görə şadam. Azərbaycan zəngin tarixi, çoxşaxəli və füsunkar mədəni irsi ilə fəxr edir. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilmiş Novruz bayramı hər il Moldovanın Azərbaycan icması tərəfindən qeyd olunur, həmçinin xalqlarımız üçün mühüm dəyərlər olan sülh və həmrəylik qeyd edilir. İllər ərzində azərbaycanlılar azad, firavan və açıq cəmiyyət quruculuğunda iradə, mətanət və mətinlik nümayiş etdiribilər”, – deyə Maya Sandu vurğulayıb.

M.Sandu qeyd edib ki, Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. “Biz bu əlaqələri möhkəmləndirmək istəyirik, çünki azərbaycanlıların və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə işləmək istəyirik. İqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani təsdiqidir. Moldova üçün Azərbaycanla tərəfdaşlıq bizim enerji müstəqilliyinə nail olmaq istəyimiz kontekstində çox vacibdir. Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik”, – deyə Moldova Prezidenti çıxışında söyləyib.

Daha sonra tədbirdə Moldovanın xalq artisti Konstantin Moskoviç və ölkənin dövlət simfonik orkestrin iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın klassik, bəstəkar mahnıları ifa edilib.

Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top