INHA Universitetinin rektoru BMU-nun laboratoriyaları ilə tanış olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

INHA Universitetinin rektoru BMU-nun laboratoriyaları ilə tanış olub

Xırdalan, 10 iyul, AZƏRTAC

Koreya Respublikasının INHA Universitetinin rektoru Cho Myeong Voo və professor-müəllim heyəti Bakı Mühəndislik Universitetinin (BMU) müasir dövrün tələblərinə cavab verən zəngin laboratoriyaları ilə tanış olublar.

BMU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlara Kimya və kimya mühəndisliyi, Kibertəhlükəsizlik, Kompüter, Mexanika mühəndisliyi, Elektronika və digər laboratoriyaların iş prinsipi, burada geniş tədqiqatlar aparmaq üçün yaradılan şərait barədə dolğun informasiyalar təqdim edilib. Təcrübə əsaslı dərslərə və keyfiyyətli tədqiqatlara imkan yaradan laboratoriyalarda tələbələrin öyrəndikləri bilikləri möhkəmləndirməsi, eləcə də real istehsal proseslərinin gedişi, onların idarə edilməsi, tənzimlənməsi qaydaları haqqında praktiki bacarıqlar qazanması diqqətə çatdırılıb.

INHA Universitetinin rəhbərliyi BMU-da elmi araşdırmalara, tədqiqat təşəbbüslərinin reallaşmasına imkan verən laboratoriyaların qurulmasından məmnunluğunu bildirib. Bununla yanaşı, universitetdə tədqiqatyönümlü inkişaf istiqamətində atılan addımları, eləcə də nəzəriyyə ilə təcrübənin birləşməsi sayəsində tələbələrin yüksəkixtisaslı kadrlar kimi yetişməsini müsbət qiymətləndirib.

Tanışlıq zamanı Koreyanın ən nüfuzlu universitetlərindən olan və geniş elmi-tədqiqat imkanlarına malik INHA ilə bu istiqamətdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

BMU ilə INHA arasında 2020-ci ildən inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə beynəlxalq ikili diplom proqramı icra edilir. Proqram çərçivəsində 385 tələbə təhsil alır və bu il onlardan 61 nəfər ilk dəfə məzun olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top