
Hesablama Palatası Naxçıvanda dövlət xidmətində nöqsanlar aşkar edib
Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair auditi başa çatdırıb.
Oxu.Az xəbər verir ki, nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.
Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.
Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib. Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub.
Aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalı nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası auditin nəticələrinə dair müvafiq materialları hüquq mühafizə orqanlarına göndərməyi qərara alıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]
-
Bu gün Lənkəranda qaz olmayacaq
Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) […]