Hələ də bir sıra sahələrdə vergidən yayınma halları çoxdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hələ də bir sıra sahələrdə vergidən yayınma halları çoxdur

“Keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir.”

Bu barədə Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyevin “Vergilər” qəzetinə müsahibəsində bildirib.

İdarə rəisi qeyd edib ki, Vergilər Nazirliyi vergilərin ödənilməsində könüllülük səviyyəsinin yüksəldilməsi üçün məlumatlandırma və təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə xidmət mərkəzlərinin sayı artırılır, vergi ödəyiciləri ilə silsilə görüşlər keçirilir. Lakin, bütün bunlara baxmayaraq hələ də bir sıra sahələrdə, xüsusilə ticarət və iaşə, habelə müəyyən qədər istehsal sahələrində vergidən yayınma halları hələ də çoxdur. Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə aparılmış təhlillər, mənbəyi məlum olan məlumatlar və sahələrə təhkim olunmuş vergi əməkdaşları tərəfindən aparılmış müşahidələr zamanı müəyyən edilmiş riskli vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulduğu aşkar edilməkdədir. Xüsusilə də, hazırda yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verilir.

T. Quliyev vurğulayıb ki, təkcə cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisi tərəfindən 118 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib, bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib. Bundan əlavə, aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 min manatlıq 22,6 min ədəd mal aşkar edilib. Eyni zamanda, kustar üsulu ilə spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək, bu hallar qanuna müvafiq qaydada rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göndərilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib. İdarə rəisi həmçinin qeyd edib ki, keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir.

Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib. Ümumiyyətlə, sahibkarlıq subyektlərinin vergi yoxlamaları və ya vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyalarına məruz qalması əsas etibarilə onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılmaması, pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması nəticəsində baş verir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top