Fərəh Əliyeva: Müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fərəh Əliyeva: Müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır

Bakı, 17 avqust, Tatyana İvanayeva, AZƏRTAC

Təəssüf ki, Azərbaycanda müəllif bədii kukla sənəti hələ də sənətşünaslıq nöqteyi-nəzərindən konkret təsvirini tapmayıb. Elə bil ki, bu, artıq kukla, ya da heykəltaraşlıq deyil, teatrla, dizaynla, kultla, uşaqlarla bağlıdır. Bu anlayışı hər kəs özünəməxsus tərzdə tərif edə bilər. Sənətdə bədii kuklanın müəyyən edilməsi layiqli və çox maraqlı bir məsələdir. Kuklanın potensialının böyük olduğunu inkar etmək olmaz və müasir kukla rəssamları və sənətşünaslar bu mövzunun yeni tərəflərini və imkanlarını hələ kəşf etməyiblər. Lakin “kukla ilə oynamaq” fikri ilə əlaqəli qeyri-ciddiliyin arxasında nəyin gizləndiyini kuklanı əlləri ilə yaradan ustadan daha yaxşı heç kim bilmir.

Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Müəllif Kuklaları Təşkilatının üzvü, beynəlxalq biennalelərin iştirakçısı Fərəh Əliyeva AZƏRTAC -la söhbətində müəllif kuklasının ecazkar dünyasının bələdçisi olub. Axı o, 2010-cu ildən kuklaların hazırlanması ilə məşğuldur. Rəssamın 100-dən çox əsəri Azərbaycan, Fransa, İngiltərə, ABŞ, Gürcüstan, Rusiya və digər ölkələrin muzeylərində, rəsm qalereyalarında, səfirliklərdə və şəxsi kolleksiyalarda saxlanılır.

– Kuklaya sevgi nədən başlayır?

– Yaradanla bağlı müəyyən bir hissin mövcudluğundan. Kukla özünü dünyaya tanıtmazdan əvvəl müəlliflə müəyyən bir yol qət edən övlada bənzəyir. Bu, məxsusidir, fərdidir. Sənin yaradıcılığının, fantaziyanın məhsuludur.

– Obraz necə yaranır?

– Təxəyyüldə! Baxmayaraq ki, çox vaxt bir şey düşünülür, həyata keçirilmə prosesində isə “orijinal şəkil” transformasiya olunur. Sanki kukla özü haqqında baxışını ifadə edir. Nə geyinəcəyinə və hansı saç düzümü ilə özünü dünyaya göstərəcəyinə qədər. Odur ki, hər şey kuklanın diktə etdiyinə görə dəyişir. Bu, həqiqətən də belədir!

– Kuklalar canlıdır və xasiyyətə malikdir?

– Əlbəttə, bizim düşündüyümüzdən daha çox canlıdır və üstəlik xasiyyətə malikdir! Məsələn, elələri var ki, bir baxışla bu və ya digər məsələ ilə bağlı öz sözünü deyə bilər. Kuklaları yaratdığım illər ərzində mən bir çox mübahisələrlə qarşılaşdım! Müqavimət hiss edən kimi dərhal “tərəfdaşımı” kənara qoyub, dialoqa köklənirəm və sonunda təslim oluram…

– Baxmayaraq ki, onlar sizin əllərinizin məhsuludur.

– Başqa cür olmaz! Bunu yaradıcı insanlara xas olan sağlam dəlilik kimi müəyyən etmək olar. Amma onsuz, fikrimcə, sənət təsəvvür edilə bilməz! Məsələn, uzun müddət saç rəngi məsələsində “Qoç”a təslim olmurdum və nəticədə kukla təkid etdiyi qırmızı yalını əldə edən kimi dərhal tamamlıq hissi yarandı. O, özünü ictimaiyyətə tanıtdıqdan sonra dərhal yeni bir “yaşayış yeri” tapdı.

– İlk kuklanı xatırlayırsan?

– Əlbəttə! Mənim “Münəccim”im… İlk kuklam da o oldu… Yeri gəlmişkən, mən onu şüuraltı uşaqlıqla əlaqələndirirdim. Sehrli bir çubuğun hərəkəti ilə möcüzənin gəlişindən xəbər alacağına hələ də inamın olduğu vaxt.

– Heç bir zaman ayrılmadığın kukla varmı?

– Mən artıq bu bağlılıq vəziyyətini yaşamışam. Hər kəsə “Qoç”un nə olursa-olsun mənimlə qalacağını təkrarlamaqdan yorulmurdum, amma vaxt gəldi və o, özü üçün başqa bir ev tapdığını bildirdi, mən isə tabe oldum. Odur ki, mənim ayrılıq məsələsinə fəlsəfi münasibətim var. Eyni zamanda, mən bütün kuklalarımın hər birini ayrı-ayrılıqda sevirəm. Necə ayrıldığımdan asılı olmayaraq, onların hər birində mənim bir parçam var. Digər tərəfdən, bu qədər kuklanı necə saxlamaq olar? Həm də əzəldən elə düşünülüb ki, kukla kənarda sevinc gətirməlidir. Mənim isə onların üzərində “əldən getməyə” haqqım yoxdur, həm də bu mənə ziyandır…

 

– Kuklaların yaradılmasında əsas məqamlardan birini materialdan istifadədir.

– Mən müxtəlif materiallarla işləyirəm. Hər bir kukla üçün verilən parametrlərə ən yaxşı cavab verənləri seçirəm. Bir çox kukla qarışıq texnikadan istifadə etməklə yaradılır. Məsələn, mən gil və papye-maşe birləşməsini sevirəm. Təxəyyülüm təkcə materiallarda təcəssümünü tapmır, çılğınlaşmasına imkan verən avanqard kuklaları da sevirəm. Onlar proporsiyaları pozmağa imkan verirlər. Hər hansı bir qaydaya əməl etmədən, nəticədə unikal üslubda ifadə olunan qeyri-adi yanaşmalar axtara bilirəm. Buna görə də materiallar da düşünülən obraza uyğun seçilir. Buna əyani nümunə kimi, memarlığın kukla obrazına sintez olunan “Qız qalası”nı qeyd edə bilərəm. Onu yaratmaq mənim üçün kifayət deyildi. Mən ona simvolumuzun uzun illərdir diqqəti cəlb etdiyi və buna davam edən rəssamların timsalında özünəməxsus çalar bəxş etmək qərarına gəldim.

– Kukla yaratmaq sənəti çətindir?

– Olduqca çətindir! Bu sənətlə bağlı bütün təlatümlərin öhdəsindən gəlmək hər kəsin işi deyil. Ona görə də Azərbaycanda kukla ustası azdır! Bu kədərlidir. Axı müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır.

– Bəs, kukla yaratmağa maraq yaranıbsa, nəyə hazır olmaq lazımdır?

– Kukla sənətini öyrənməyə gələnlərə ilk sözüm odur ki, səbirli olsunlar… Lakin, demək lazımdır ki, bir çoxları arzularını heç olmasa bir kukla yaratmaq xəyalı ilə izah edirlər. Daha sonra isə necə alınarsa… Bir mentor kimi təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, uşaqlıqdan bu cür düşüncələrə malik olan gənc oğlanların sayı kifayət qədərdir. Onlar güclərini sınamaq üçün gəlirlər. Bəziləri davam edir, amma bu həvəskar mərhələdir. Halbuki kukla ustası olmaq illərlə təcrübə və öz üzərində daim işləməklə dəstəklənən çox böyük zəhmət tələb edir. Təəssüf ki, müasir nəslin nümayəndələrinin böyük əksəriyyəti buna hazır deyil və öhdəsindən gəlmir. Çox heyif …

– Buna görə də başqalarına kukla düzəltmək sənətini öyrətməyi üzərinə götürdün?

– Mən kukla sənətinə daha geniş diqqətin cəlb edilməsini çox istərdim. Təəssüf ki, Azərbaycanda dünya, hətta Rusiya ilə müqayisədə müəllif kuklaları yaradan ustalar çox azdır. Təhsil və təlimə peşəkar yanaşma yoxdur. Əsasən, kukla rəssamları özləri tələbələr yetişdirirlər. Mən isə hesab edirəm ki, gəncləri cəlb etməklə biz yüz illər əvvələ gedib çıxan və bir çox ölkələrdə məşhur olan sənətə milli kolorit gətirə və bununla da artıq dünyanın bir hissəsinə çevrilmiş öz mədəniyyətimizi zənginləşdirə bilərik.

– Bəlkə burada məsələ Azərbaycanda bu sənətin perspektivləri və nisbətən gənc olmasındadır?

– Mübahisə etmirəm. Kuklalarımızın qədim zamanlardan tanınmasına baxmayaraq, müəlliflik kateqoriyasına daxil olan kuklalar, yəni ayrıca sənət növü kimi ortaya çıxanlar tarixi istedadla öyünə bilməz. İlk kukla biennalesi yalnız 2011-ci ildə oldu! Bəli, Azərbaycan ustaları bu qədər “gənc” olmasına baxmayaraq, artıq kukla sənəti ilə bağlı müxtəlif tədbirlərdə iştirak etməyi bacarıblar, amma məncə, dünya səviyyəsinə çıxmağımızı əminliklə deyə bilmərik. Bu gün bizim dünya səhnəsindəki çıxışlarımızı kifayət qədər seyrək adlandırmaq olar… Amma bu, yalnız onu təsdiqləyir ki, biz sadəcə olaraq bu istiqaməti inkişaf etdirməliyik. Həm də mümkün qədər tez-tez özümüzü təqdim etməliyik…

– Sərgilər təkcə ictimaiyyətin diqqətini cəlb etmək üçün deyil, həm də müəllif kukla ustalarının özləri üçün də vacibdir?

– Sərgilər heç nə ilə müqayisə oluna bilməyən bir hiss doğurur! Beynəlxalq səviyyə də daxil olmaqla sərgi layihələrində iştirak inanılmaz təkan verir, kukla yaratmaq üçün çoxlu və müxtəlif texniki incəliklərlə tanışlıq imkanı yaradır. Qarşınızda tanınmış kukla ustalarının əsərlərini görəndə, onun yaradıcılıq üçün nə qədər qeyri-məhdud məkan yaratdığına heyran olursan. Mən onlarda mükəmməlliklə təmas görürəm və başa düşürəm ki, dünya kukla müəllifləri ilə bir sırada durmaq yalnız səndən asılıdır. İlk dəfə Moskva Beynəlxalq Kukla Biennalesində olduğumu və ən ziddiyyətli hisslərə qapıldığımı xatırlayıram: məşhur rəssamların əsərlərinə heyranlıq və istər-istəməz onlarla müqayisə etdiyim öz əsərlərimdən bəzi çaşqınlıqlar yaşadım. Ancaq öz üzərimdə çalışmağım üçün mənə güclü təkan verdilər! Tətbiq vektoru dəyişdi – kuklanı ictimaiyyətə təqdim etmək üçün onu daha sürətli düzəltmək istəyindən tələb olunan vaxtdan asılı olmayaraq keyfiyyətin prioritet olduğu rejimə keçdim. Ona görə təcrübəm əsasında hər zaman qeyd edəcəyəm ki, Azərbaycan kukla ustalarının beynəlxalq ixtisaslaşdırılmış sərgilərdə iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Onların böyük motivasiyası var!

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top