Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Füzuli, 19 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan torpaqlarının 20 faizini işğal edən mənfur Ermənistan ordusu 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. 2020-ci il 10 noyabr Bəyannaməsi 3 dövlətin – Rusiya , Azərbaycan və məğlub Ermənistan arasında imzalandı. Lakin üzərindən 2 il keçməsinə baxmayaraq, bu Bəyannamədə Ermənistan tərəfindən götürülən öhdəliklər hələ də yerinə yetirilməyib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Füzuli rayonundan olan tarix müəllimi Elmira Abbaszadə bildirib.

O qeyd edib ki, Qarabağda Ermənistan ordusu qalmaqda davam edir, əslində isə kapitulyasiya sənədinə əsasən separatçı rejim və erməni ordusu Azərbaycan ərazilərini dərhal tərk etməli idi. Amma bu öhdəlik Ermənistan tərəfindən yerinə yetirilmədi, hətta düşmən adəti üzrə təxribatları və terror əməliyyatlarını davam etdirdi. 2021-ci il 11 yanvar və 26 noyabr tarixlərində yenidən Rusiyanın vasitəsilə əlavə 2 bəyannamə qəbul olundu ki, burada da bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşməsi – delimitasiya və demarkasiya prosesinin başlanması nəzərdə tutulur. Bütün bu öhdəliklərə və 10 noyabr sənədindən 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsinə aparan yolları tıxayır, prosesləri sabotaj edir, hərbi təxribatlar törədir.

Rusiyanın vasitəçiliyi ilə üçlü formatdan başqa, bir də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə 4 görüş keçirilmiş və hər birində də ermənilərə bu öhdəlikləri həyata keçirilməsi xatırladılsa da, onlar təxribat və terror hadisələrini davam etdirdilər. 2022-ci il avqustun 31-də sonuncu Brüssel görüşündə nəhayət, sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı razılıq əldə olundu. Amma Ermənistanın baş naziri Paşinyan Brüssel görüşündən qayıdandan sonra kommunikasiyaların açılması kontekstində Zəngəzur dəhlizinin açılmasından imtina etdi. N.Paşinyan “dəhlizin” açılışı ilə razı olmadığını və bütün Zəngəzur ərazisində Ermənistanın suveren hüquqlarının olduğunu bildirir. Bu da öz növbəsində o deməkdir ki, gömrük və sərhəd dövlət strukturları ermənilərin nəzarətində olacaq . Beləliklə, Ermənistan sülhə aparan bütün prosesi sabotaj etməklə sülh gündəmini baltalayır.

Elmira Abbaszadə qeyd edib ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı işçi qrupu yaradılsa da, ciddi bir iş görülməyib. Ermənistan öz təhlükəsizliyinin qorunmasında Rusiyadan əmin olmadığı üçün artıq bu prosesə 3-cü və 4-cü dövlətləri – ABŞ və Fransanı qatmaqla zaman və əlavə havadar qazanmaq istəyir. Azərbaycan Ordusunun son “Qisas” əməliyyatından sonra Ermənistanın bu yöndə fəaliyyəti intensivləşib. Bu xüsusda Qarabağda mövcud olan separatçı rejimin qondarma “nazir”inin, Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ Konqresi və Pentaqonda qəbul edilməsi bu aktiv fəaliyyətin tərkib hissəsi sayıla bilər. Artıq Rusiyadan əlini üzən Ermənistanın təhlükəsizlik təminatını Qərbdə axtardığı gerçəkdir və bu da təbii ki, Rusiyanın xoşuna gəlmir. Bir tərəfdə ABŞ və Fransa Minsk qrupunu yenidən diriltməklə oyundan kənarda qaldıqları prosesə qayıtmaq istəyirlər, digər tərəfdə Rusiya Minsk qrupu təşkilatından rəsmən çıxdığını elan edərək, bu yöndə Rusiya XİN-in xüsusi nümayəndəsini təyin edib.

Hər kəsə bəllidir ki, əslində Minsk qrupunun 28 ildə görməli olduğu işi Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun olaraq 44 gündə işğalda olan torpaqlarını azad etməklə gördü. Bununla da fəaliyyətsiz Minsk qrupu tarixə çevrildi. Ancaq təəssüf ki, ABŞ və Fransa hələ də Minsk qrupuna regiondakı proseslərə müdaxilə imkanı kimi baxmaqla, prosesə zərər verməyə davam edirlər. Ermənistan hər dəfə bu dövlətlərin köməyinə aldanır. Bu da onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil, başqa dövlətlərin əlində oyuncaqdır, müstəqil siyasət yeritməyi bacarmır. Çünki normal dövlətlər öz təhlükəsizliyini qorumaq üçün qonşu dövlətlərlə anlaşmağı bacarmalıdır. Bir sözlə, regionda ən zəif halqa Ermənistandır. Qərb dövlətləri də istənilən vaxt bundan istifadə edərək regionda proseslərə təsir imkanı qazanırlar. Yəni, Ermənistan müstəqil dövlətdən çox, geosiyasi alətdir. Elə buna görə də sülh danışıqları əvəzinə, sentyabrın 13-də yenidən təxribata əl atdı və yenə hüsrana uğradı.

Tarix müəlliminin sözlərinə görə, Ermənistan öz işğalçı siyasətini davam etdirir, sülh istəmir. Sülhü sabotaj edir, istənilən bəhanələrlə zaman qazanmağa çalışır. Azərbaycan isə Ermənistanın əksinə, regionda sülhün bərqərar olmasını istəyir. Azərbaycan regionda sülh tərəfdarı missiyası ilə çıxış edir, Ermənistan isə dağıdıcı missiyasını davam etdirir. Bu da regionda stabilliyi pozan ciddi amildir. Azərbaycan dövləti də öz ərazisinin təhlükəsizliyini beynəlxalq hüquqa uyğun olaraq təmin etmək hüququna malikdir. Azərbaycan əsgəri sülhü mütləq təmin edəcək.

AZERTAG.AZ :Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top