Ekspert: “Mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq” – ŞƏRH + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ekspert: “Mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq” – ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Daşınmaz əmlak sertifikatları haqqında Qaydalar”ın təsdiq edilməsindən 8 ilə yaxın vaxt keçib. Məlum olub ki, bu günə qədər daşınmaz əmlak sertifikatlarının buraxılışı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Bəs görəsən, daşınmaz əmlak sertifikatına marağın azalmasının səbəbi nədir? Niyə müraciət edən yoxdur? Sertifikatın müsbət və mənfi cəhətləri hansılardır?

Mövzu ilə bağlı  Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, vətəndaşların sertifikatlı mənzillərə marağı azalıb:

“Təxminən 2000-ci illərin əvvəllərində inşa edilən bəzi çoxmənzilli yaşayış binalarında ilkin sənəd olaraq sertifikat verilirdi. Lakin sertifikatlar dəyişdirilə bilmirdi. Yəni bir nəfər sertifikatla mənzil alıbsa, onu satarkən növbəti şəxsin adı ilə yanaşı əvvəlki şəxsin də adı keçirdi. Və bu dəfələrlə təkrarlanırdı. Vətəndaşların bu səbəbdən sertifikatlı mənzillərə marağı azalıb.

Yeni tikili çoxmərtəbəli binaların satışı iki mexanizm ilə həyata keçirilir. Bir Mənzil Tikinti Kooperativinin (MTK) verdiyi alqı-satqı müqaviləsi, maliyyə arayışı və çıxarış. Vətəndaşlar daha çox çıxarışlı mənzillərə üstünlük verirlər”.

Ekspert qeyd edib ki, mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq:

“Müqaviləli mənzillərin satışı zamanı çox hallarda vətəndaşlara zərərlər dəyib. MTK-lar tərəfində zərərçəkmiş şəxslərin sayı 5200-dən artıqdır. Onların mənzilləri bir neçə şəxsə satılıb və ya tikilib başa çatmayıb. Binalar tikilərkən ilkin çıxarışla satılması uyğundur. İlkin çıxarış praktikası mövcuddur. Bəzi şirkətlər var ki, uzunmüddətli daxili kreditlərlə mənzillər satırlar. Hətta bir neçə ilə tikiləcək binaları da ilkin çıxarışla bank vasitəsi ilə satmaq olar. Müqavilə mexanizmi effektiv deyil. İnsanlar aldadılmamaq və qeydiyyata düşmək üçün çıxarışlı mənzillərə üstünlük verirlər”.

“Düşünürəm ki, mənzillərin satış prosesi dəyişdirilməlidir. MTK-lar satış zamanı ilkin çıxarış verərsə, böyük əminlik yaradacaq.

Təklif edirəm ki, satış mexanizmi MTK-lardan alınıb, səlahiyyətli dövlət qurumlarına verilsin. Bir bina inşa olunarkən, aidiyyəti dövlət qurumlarından sənədlər toplanılır, razılıq alınır. Tikinti şirkətlərinə güzəştlər edilməlidir.

Son illər tikilən binalar qəzalı vəziyyətdə olanlar üzərindən aparılır. Qəzalı binalar sökülür. Üzərindən yeni binalar tikilir. Dəstək lazımdır ki, Bakı qəzalı binalardan qurtulsun. Bu həm alıcılığı, həm də vətəndaşlara inamı artıracaq. Bununla yanaşı mənzillərin bir neçə nəfərə satılmasının da qarşısı alınacaq”, – deyə E.Fərzəliyev əlavə edib.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top