ƏDV-nin ləğvi ərzaq məhsullarında bahalaşmanı önləyə bilər? - AÇIQLAMA - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ƏDV-nin ləğvi ərzaq məhsullarında bahalaşmanı önləyə bilər? – AÇIQLAMA

Millət vəkili Vahid Əhmədov əlavə dəyər vergisinin (ƏDV) ərzaq məhsullarına 1-2 faizlə cəlb olunmasını təklif edib. Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında hər şeyə 18 faiz ƏDV tətbiq etməyin doğru olmadığını, verginin diferensiallaşdırılmalı olduğunu deyib. “Hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarının idxalına gömrük vergisi tətbiq etməməlidir”, – deyə o əlavə edib. Deputat Tahir Mirkişili isə Türkiyədə ƏDV-nin ləğvinin bahalaşmaya təsir etmədiyini, əksinə, dövlətin həmin vergini də itirdiyini vurğulayıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov diqqətə çatdırıb ki, tam şəffaf, rəqabətyönümlü bir bazarda məhsulun üzərindən ƏDV birdən-birə götürülərsə, dərhal 18 faiz ucuzlaşma baş verər:

“Ancaq bu, sadəcə, riyaziyyatda belə olur. Ona görə də mən Tahir müəllimin fikirləri ilə daha çox razıyam. Çünki bizdə problem başqadır. İdxal olunmuş məhsulların invoys qiymətinin üzərinə gələn bütün xərclərdən sonra belə, məhsulda 30-40 faiz həcmində qeyri-müəyyən bir bahalaşma var. Bu, sövdələşmə üzərində yaranmış bir qiymət spredidir (eyni anda hər hansı bir aktivin (səhm, məhsul, valyuta, fyuçers, opsion) satış və alış təklifləri üzrə ən yaxşı qiymətlərin fərqi – red.), qarşısını almaq mümkün deyil”. 

Ekspert qeyd edib ki, bu gün istənilən məhsulun Azərbaycana idxalını hesablamaq olar:

“Gömrük rüsumlarını, digər vergiləri, idxal edən şirkətin logistika xərclərini də üzərinə gələndə görürük ki, bəzi məhsulların qiymətində 30-40 faiz qeyri-müəyyən gəlir var. O gəlir hara gedir, kimlər tərəfindən mənimsənilir – araşdırılmalıdır. 

Bu gün ən azından yumurta, toyuq, çörək məhsulları ƏDV-dən azaddır, biz onların qiymətində azalma müşahidə edirikmi? Xeyr, əksinə, artım davam edir. Deməli, ƏDV-nin 0 faizə endirilməsi həll yolu olmayacaq. Əgər düşünülməmiş şəkildə biz ƏDV-ni də ləğv edəriksə, o zaman büdcədən əməkhaqqı və təqaüd alan digər sektorlara problem yaradarıq. Beləliklə, büdcə gəlirlərimiz azalar. Yəni bizdə sağlam rəqabət formalaşmasa, qiymətlərin düşməsi mümkün olmayacaq. Həmin qüvvələr 18 faizi də əlavə gəlir kimi istifadə edəcəklər”.

Sayad Həsənli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top