Dünyada ucuzlaşan yağ Azərbaycanda niyə bahalaşır? - ŞƏRH + FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünyada ucuzlaşan yağ Azərbaycanda niyə bahalaşır? – ŞƏRH + FOTO

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında bitki yağı qiymətlərinin azaldığını açıqlayıb. FAO Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisədə 6,6 faiz azalaraq, sentyabr ayında 152,6 bənd təşkil edib. Bu göstərici son bir ilin ən aşağı həddidir. Azərbaycanda isə vəziyyət digər ölkələrdən bir qədər fərqlidir. Belə ki, həm bitki yağlarının, həm də bütövlükdə duru yağların qiymətində kəskin artım müşahidə edilir. Əvvəlki illərdə artım aşağı həcmdə olduğu üçün çox nəzərə çarpmasa da, son bir ildə yağlarda 1-5 manat aralığında bahalaşmanın olduğu açıq görünür.  

Maraqlıdır, dünya bazarında yağın qiymətində ucuzlaşma olduğu halda, Azərbaycanda niyə hələ də bahalaşma davam edir?

Məsələni Oxu.Az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilk olaraq dünya bazarında ərzaq qiymətlərinin ucuzlaşma səbəblərindən danışıb.

O bildirib ki, əsas səbəb bir neçə ay bundan əvvəl Avropanın və Afrikanın ərzaq təminatında müstəsna rola malik olan Ukrayna limanlarının açılmasıdır:

“Bu hadisə ucuzlaşmaya təkan verdi. Beş ay Ukrayna limanları bağlı qaldı və həmin müddətdə Ukraynanın ərzaq alıcıları məhsul ala bilmədilər deyə öz ehtiyatlarından istifadə etdilər, nəticədə qıtlıq yarandı və qiymətlər bahalaşdı. Amma Ukraynadakı ərzaq olduğu kimi qaldı. Birdən-birə limanların açılması dünya bazarına xeyli miqdarda məhsulun atılmasına səbəb oldu ki, bu da qiymətlərin ucuzlaşmasına gətirib çıxardı. 

Bundan başqa, yay kənd təsərrüfatı məhsullarının mövsümüdür. Mövsüm başlayanda bütün dünyada bu ilin kənd təsərrüfatı üçün çox münbit bir il olduğu, məhsuldarlığın yüksək olacağı müşahidə olundu. Buğdanın məhsuldarlığı Rusiyada 30-40 faiz artıb. Nəticədə ötən illə müqayisədə bu il Rusiya iki dəfə çox ərzaq buğdası, dənli bitkilər istehsal edə bilib. Ukrayna, Braziliyada da həmçinin məhsuldarlıq yüksək olub. Ona görə də dünya bazarında təklif spektri genişlənib. Bu da, sözsüz ki, qiymətlərin aşağı düşməsinə səbəb olub. Yəni bitki yağlarının qiymətinin dünya bazarında ucuzlaşmasının ilkin səbəbi Ukrayna limanlarının açılması idisə, ikinci səbəb ərzaq məhsullarının bolluğu ilə bağlıdır. Hətta Meksikada da məhsuldarlıq ötən illə müqayisədə 40-50 faiz artıb”.

Ekspert Azərbaycanda yağların, xüsusilə bitki yağlarının qiymətlərinin bahalaşma səbəbinin isə ümumi olduğunu deyib: 

“Bu gün Azərbaycanda idxal da, daxili istehsal da inhisardadır. İnhisarçı sahibkar isə heç vaxt məhsulun ucuzlaşması barədə düşünmür. Digər tərəfdən, istehsalçı da əgər istehsal etdiyi mal və məhsul inhisardadırsa, qiymətlərin bahalaşmasından narahat olmur. Əsassız olaraq qiyməti artırırlar, bu da onunla bağlıdır ki, həmin sahibkarların bazarda rəqibi yoxdur. İnhisarçılar məhsulları öz aralarında gizli şəkildə bölüblər, ixtisaslaşıblar, bir qrup taxıl, digər qrup başqa məhsul idxal edir”.

İqtisadçı həmin şəxslər arasında gizli sazişin olduğunu və ona uyğun olaraq qiymət müəyyənləşdirdiklərini diqqətə çatdırıb:

“Özləri üçün xeyir götürürlər, onların qiymət artımı isə əhliyə ziyan vurur. Bu gün bazarda hansısa inhisarçının rəqibi yoxdursa, onlar nəyə görə qiyməti ucuzlaşdırmalıdır, bahalaşmanı niyə dayandırmalıdır? Bahalaşmanın dayandırılması, optimal qaydada qiymətin qoyulması və keyfiyyətin yüksəlməsi üçün bazarda mütləq rəqabət olmalıdır, rəqabət olmayan bazarda heç vaxt qiymətin ucuzlaşmasını müşahidə etmək mümkün deyil. Biz Azərbaycanda ucuzlaşmanı və keyfiyyətin yüksəlməsini o vaxt müşahidə edəcəyik ki, Azərbaycan iqtisadiyyatı inhisardan azad olsun, heç olmasa, inhisar azalsın. Çünki bu gün iqtisadiyyatımızın böyük hissəsi inhisardadır. Ona görə də biz Azərbaycanın daxili bazarında nə qiymətin ucuzlaşmasını, nə də keyfiyyətli məhsulu gözləyək. Çünki keyfiyyətli məhsul maya dəyərini artırır. Maya dəyəri artırsa, inhisarçı sahibkarın gəlirləri azalır. Qiymətlərin ucuzlaşması üçün heç bir mexanizm, təzyiq vasitəsi yoxdur. Ona görə də sahibkar getdikcə qiyməti artırır ki, gəliri artsın”.

Sayad Həsənli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top