Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən sahibkarların 96,8 faizi mikro, 2 faizi kiçik və 0,8 faizi orta sahibkarlıq subyektləridir. BMT Baş Assambleyasının qətnaməsinə əsasən, 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. 2017-ci ildən etibarən qeyd olunan bu günün məqsədi mikro, kiçik və orta biznesin (KOB) davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfəni bir daha xatırlatmaq və ictimaiyyəti məlumatlandırmaqdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90 faizi KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70 faizini, ümumi daxili məhsulun 50-60 faizni təmin edir.

Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləri sayılır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,6 faizini KOB subyektləri təşkil edir. KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54 faiz artıb. Bu dövrdə KOB–ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 faizdən 27,2 faizə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74 faizdən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. Bu dövrdə KOB-ların işçilərinin sayı 31 faiz artaraq 370 min nəfəri keçib.

Ötən ilin statistikasına əsasən, Azərbaycanda KOB sektoru üzrə cəmi dövriyyə 43,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13 faiz artım deməkdir. Son illərin statistik göstəricilərinə görə, meyarı böyüyən şirkətlərin sayında müsbət dinamika müşahidə edilir. 2022-ci ildə meyarı böyüyən şirkətlərin sayı təqribən 4600-ü, 2023-cü ildə isə 5300-ü keçib. Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunur. Bu iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. KOB subyektlərinə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün prosesi əhatə etməklə, müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional dəstək tədbirlərini, güzəştli kredit və subsidiyaları əhatə edir. Həmçinin sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni KOB-ların formalaşdırılması və mövcud bizneslərin inkişafı müxtəlif dəstək alətləri və xidmətlərlə dəstəklənir.

KOB-ların ehtiyac və problemləri daim diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, forumlar, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli Qərarı ilə təsdiq edilmiş KOB subyektlərinə əlavə dəstəyin göstərilməsini nəzərdə tutan iqtisadiyyatın prioritet sahələrinin siyahısına, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq, KOB subyektlərinə dəstək qarşıdakı dövrə də davam etdiriləcək.

Qarşıdakı illərdə KOB-ların rəqəmsallaşmasına, “yaşıl iqtisadiyyat”a keçiddə KOB-ların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top