Banklarda əhalinin pulu azalır? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Banklarda əhalinin pulu azalır?

Pərviz Heydərov yazır…

Əhalinin banklarda əmanətlərinin həcminin bu ilin iyul və avqust aylarında azalması nədənsə daha çox fevral ayından bu sahədə dividentlər üzrə gəlir vergisinin bərpa olunması ilə izah edilir. 

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən 7 il müddətinə yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi haqqında qərar, müddətin başa çatması ilə əlaqədar bu ilin fevralından aradan qalxdı.

Bu, həqiqətən belədirmi? Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası vəsaitlərin geri çəkilməsinə yol açıb və bunda əsas rol oynayır?

Əgər belədirsə, çıxış yolu nədir və hansı addımlar atılmalıdır?

Məsələ bundadır ki, banklarda fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin azalması bu il ilk dəfə olaraq fevral ayında qeydə alınmışdı – 0,2%… Sonrakı aylarda – martda, apreldə, mayda və iyunda əmanət həcmi artıb. 

Odur ki, sual yaranır, əmanət həcminin azalmasında əgər, banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası, hansı ki, söhbət 10 %-dən gedir, əsas rol oynayırsa bəs, qeyd olunan aylarda nəyə görə artım qeydə alınıb ?!

Yeri gəlmişkən, iyulda əmanətlərin azalması əvvəlki aya nisbətən 0,3 %, avqustda isə 1 % təşkil edib. Göründüyü kimi, temp sürətlənib. 

Bu davamlı xarakter daşıya bilərmi ?

Eyni mövzuda ilk yazımda da qeyd etmişdim ki, banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun ən başlıca səbəbi isə bizim güzəştlərə çox öyrəncəli olmağımızdır.

İndiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və yenə də edilir. Bunlar müddətli xarakter daşıyır və müddəti bitən kimi ya uzadılır, ya da ləğv olunur. Lakin çoxu hələ ki, uzadılır.

Ancaq dünya praktikasına nəzər salsaq isə, xarici ölkələrdə, yəni inkişaf etmiş ölkələrdə gəlir gətirən nə varsa vergiyə cəlb olunduğunu görərik. Yəni, bu mütləq xarakter daşıyır.

Belə ki, istər sahibkar olsun, istər fiziki şəxs, istərsə də işəgötürən bunların hər biri əldə etdiyi gəlirlərdən və əməkhaqqından dövlət büdcəsinə müxtəlif adda vergi və rüsumlar ödəyirlər.

Ölkəmizdə sözügedən vergi güzəşti cəmi 7 ildir mövcud idi. 2016-cı ilin fevralınadək bizdə də banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulurdu. Banklara əmanət yerləşdirilməsi, dividend səviyyəsi, kredit faizləri və sair baxımından isə heç bir problem yox idi. 

Həm də ki, söhbət əmanətlin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlirdən tutulan vergidən – cəmi 10%-dən gedir. Odur ki, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə səbəb ola bilməz, ən azı ona görə ki, əvvəla ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, ikincisi manatın dəyəri möhkəmdir, üçüncüsü xarici valyuta ilə yığıma isə maraq yoxdur.

Əmanətlərin həcminin azalması başqa amillərlə əlaqədardır. Bura daxildir, ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı olaraq bahalaşması səbəbindən əhali tərəfindən gəlirlərin bir hissəsinin əvvəlkitək yığıma yönəldilməməsi, banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və s…

Əhalinin əmanətlərinin azalma səviyyəsi o qədər çox deyil, bunu faciəyə çevirmək lazım deyil. Azalma il ərzində yalnız fevral, iyul və avqust ayları ərzində qeydə alınıb ki, sonuncu iki ay əhalinin xərclərinin adətən artıq xarakter daşıdığı aylar sayılır. 

Yeri gəlmişkən, sözügedən vergi ona görə götürülmüşdü ki, 2015-ci ildə iki devalvasiyadan sonra ölkənin bank sektoru fəlakətə düçar olmuşdu. Camaat əmanətlərini banklardan geri çəkməyə başlamışdı. Bunun qarşısını almaq üçün stimullaşdırıcı tədbirlərdən biri kimi məhz depozitlər üzrə gəlir vergisi ləğv olundu. 

İndi bunun bərpası müəyyən əmanət sahiblərində ola bilsin müəyyən qrup vətəndaşlarda anlaşılmazlıq yaradıb. Ancaq vergi əmanət həcmindən deyil, onun faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur.

Əmanətçilər üçün əslində əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və əmanətlər üzrə sığorta faiz dərəcəsidir. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi hazırda maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir.

Bəli, ölkədə konkret sığorta qaydaları var və bu qaydalar daxilində istənilən bankdakı əmanət həcmi zəmanətli sayılır. Yuxarıda qeyd etdim ki, əhalinin dolanışıq səviyyəsinin çətinləşməsi və məlum bahalaşma ilə inflyasiya prosesi nəticəsində gəlirlərin əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratmaması əmanətlərin həcminin azalmasında rol oynayır. Çünki istehlak xərcləri artıb, yığım imkanları daralıb.

Yəni, əhalinin banklardakı əmanətlərinin azalmasının səbəbləri sırasında sırf subyektiv amillər olsa belə bu, uzun müddət davam edə bilməz. Əsas obyektiv səbəblərdir.

Obyektiv səbəblər sırasında isə bu da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda stimul görmürlər artıq. 
Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyillər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top