Banklar problemli krediti olanları niyə məhkəməyə vermirlər? - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Banklar problemli krediti olanları niyə məhkəməyə vermirlər?

Ekspertlər bildirirlər ki, proses məhkəməyə gedəndə əlavə problemlər yaranır

Manatın məzənnəsində baş verən dəyişiklikdən sonra dollarla olan kreditlərin manatla ifadədə həcmi xeyli dərəcədə artdı. Bu isə dollarla kredit götürən müştərilərin ödəmə qabiliyyətini aşağı saldı. Bununla da problemli kreditlərin sayı çoxaldı.
Belə olan halda banklar krediti qaytarmayan müştəriləri məhkəməyə verməlidirlər. İş məhkəməyə gedəndə borca faiz hesablanması dayandırılır. Bu zaman isə müştərinin banka olan borcu dəqiq müəyyənləşdirilir və hissə-hissə ödənilməsi təmin edilir. Amma dollarla olan problemli kreditlərin sayının artmasından sonra banklar məhkəməyə müraciət etməkdə maraqlı tərəf kimi görünmür. Hətta krediti ödəyə bilmədiyini deyən, prosesin məhkəmə səviyyəsində həll olunmasını təklif edənlər belə məhkəməyə verilmir.
Bəs görəsən müştərilər məhkəməyə getməyə maraqlı olduqları halda, banklar vətəndaşları məhkəməyə verməyi niyə ləngidir? Niyə problemin məhkəmə səviyyəsində həll olunmasına maraq göstərmirlər? Bank üzrə ekspert Əkrəm Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bankların bu cür məhkəmələrə getməyə hazırda resursları çatmır: “İşçi qüvvəsi, vaxt və s. Məhkəmə proseslərinin sayı artıb. Həm də iş məhkəməyə gedəndə borclu ödənişi tam dayandırır, bu isə banka sərf etmir. Hazırda bankların maliyyələri də azalıb. Buna görə də banklar çalışırlar ki, ya müştərini dilə tutub nə isə ödətdirsin, ya da kollektorlar vasitəsilə hədələsin. Məhkəmə işi isə illərlə çəkə bilər, bu isə banka sərf etmir”.
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyir ki, problemli krediti olan müştəri məhkəməyə getməyə maraqlıdır. Çünki iş məhkəməyə keçdikdə ödənilməyən kreditə gözə faiz ödənilmir: “Demək olar ki, bütün hallarda məhkəmə prosesi zamanı hansısa qərar çıxarılmasından asılı olmayaraq kreditin aylıq ödənişi üzrə gələn faizlər dayandırılır. Müştərinin ödəmə imkanları nəzərə alınaraq mövcud borc müəyyən hissələrə bölünür və aylıq ödənilir. Neçə aya bölünsə də, faiz dayandırılır. Mərkəzi Bank da ölkədə fəaliyyət göstərən banklara da məhz bunu tövsiyə edir. Amma faiz hesablanmasının dayandırılması əslində qanunvericilikdə yoxdur. Mərkəzi Bankın israr etməsində isə səbəb odur ki, faiz dayandırılmadıqda, bankın kapitalı süni şəkildə artır. Müştəri pulu ödəməsə də, kapitalda rəqəmlər böyük görünür. Faiz yığılmaqdansa, məhkəməyə getmək müştəriyə sərf edir”.
R.Ağayevin sözlərinə görə, banklara isə müştəriləri məhkəməyə vermək sərf etmir: “Bank pulu yavaş-yavaş müştəriyə ödətməyin tərəfdarıdır. Məhkəməyə verəndə əgər girovu varsa, hərraca çıxarılır və satılır. Nə vaxt satılıb-satılmaması da var. Yəni, icra müddəti uzanır. Alan olmur. İndi yeni tikililərdə boş təzə evlər o qədərdir ki. Heç gedib alan yoxdur. Problemli, kiminsə əlindən alınıb satılan evə isə yaxın duran olmur. İqtisadi tərəflərini götürəndə isə ev almaq üçün imkan yoxdur. Ona görə də bank problemi müştəri ilə bir yerdə həll etməyə çalışır. İkincisi də bank faizi ona görə dayandırmır ki, borcun məbləği daha da artsın. Yüz manat borclu idisə, bir müddət sonra 150 manat olacaq. Sonra müştəri ilə danışıb, deyərəm yarısını ver, qalanını vermə”.
Hüquqşünas Məhərrəməli Həmidov deyir ki, borclu davamlı olaraq 90 gün öz öhdəliyini icra etməzsə, kreditor ona bildiriş (pretenziya) göndərməlidir. Bu da nəticə verməzsə, bank məhkəməyə müraciət etməklə, borcun gecikdirilməsinə görə əlavə faiz, dəbbə pulu və məhkəmə xərclərini tələb etmək hüququna malikdir: “Lakin bank bu hüququndan sui-istifadə etməməlidir. Yəni ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir”.
Hüquqşünas deyir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər: “Hazırda ölkəmizdə problemli kredit müqavilələrinin icrasına, ödənişin ABŞ dolları ilə olması maneçilik törədir. Ümumiyyətlə, yerli vətəndaşa banklar xarici valyuta ilə kredit verməkdə və sonradan kredit müqaviləsinin müddətini faizlə uzatmaqda əlavə qazanc güdürlər. Belə hallar onsuz da ziyana düşmüş əhalinin vəziyyətini daha da ağırlaşdırır. Bir sözlə, borclu ömürlük bank qarşısında öhdəlik daşıyır. Manatın iki dəfə devalvasiyaya məruz qalması, dollarla olan kredit müqavilələrin manata dəyişilməsinə əsasdır. Belə ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur”.
M.Həmidov deyir ki, qanuna və ya müqaviləyə əsasən, borcun üstünə faizlər hesablanmalı olduqda, onlar iki faiz bəndi əlavə edilməklə Milli Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır: “Bankların da borcluya qarşı məhkəməyə gec müraciət etməsinə səbəb, faizlərin və dəbbə pulunun çox miqdarda tələb etməsidir. Borclu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək, kredit müqaviləsinin dəyişilməsinə nail olarsa, bu zaman əlavə yaranmış faiz və dəbbə pulunun öhdəliyindən azad olunur.
Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz”.
kaspi.az
Aygün Asimqızı

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top