Bakının 28 May küçəsi: Tarix prizmasından baxış – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakının 28 May küçəsi: Tarix prizmasından baxış

Bakı, 8 avqust, Vahid Şükürov, AZƏRTAC

XX əsrin əvvəllərində baş verən neft bumu Bakının simasını xeyli dəyişdi, onu əyalət şəhərindən iri sənaye və mədəniyyət mərkəzinə çevirdi. Neft sənayesinin sürətli inkişafı şəhərə çoxlu xarici investorları və mütəxəssisləri cəlb etdi ki, bu da əhalinin sürətlə artmasına və infrastrukturun genişlənməsinə şərait yaratdı.

Neft bumu dövründə Bakıda sürətlə tamamilə fərqli şəhər mənzərəsi formalaşdı. Yeni küçə və məhəllələr salındı, yaşayış binaları, sənaye müəssisələri, ictimai binalar tikildi. Şəhər tərəqqi və inkişaf arzusunu əks etdirən yeni memarlıq məzmunu, forma və üslublarla dolu müasir görkəm aldı. Neft milyonçularının sifarişi ilə tikilən dəbdəbəli malikanələr, çoxsaylı mədəni-maarif ocaqları şəhərin infrastrukturunun ayrılmaz hissəsinə çevrildi.

Urbanizasiya prosesi yeni yolların çəkilməsindən tutmuş sakinlərin istirahət edə və təbiətdən həzz ala biləcəyi parkların və ictimai bağların yaradılmasına qədər şəhər həyatının bütün sahələrini   əhatə edirdi. Daim inkişaf edən nəqliyyat şəbəkəsi Bakının müxtəlif məkanlarını birləşdirərək, ticarət və sənayenin daha da inkişafına şərait yaradan rahat hərəkəti təmin edirdi. Fəal tikinti və abadlıq işləri sayəsində paytaxtımız bu gün zəngin tarixi irsi və müasir nailiyyətləri özündə birləşdirən dinamik və çiçəklənən şəhərə çevrilib.

Həmin dövrdə çoxlu yeni küçələr salındı. Onlardan biri də paytaxtın ən əlamətdar arteriyalarından biri olan 28 May küçəsidir. O, şəhərin zəngin tarixinin və baş verən dəyişikliklərin izlərini daşıyır. Bu küçə Nəsimi rayonu ərazisində yerləşir, Bülbül prospektinin kəsişməsindən (1934-cü ilə qədər – Bolşaya Morskaya küçəsi, 1991-ci ilə qədər – Kirov prospekti) başlayır, oradan Köhnə Çernoqorodski körpüsünə qədər uzanır və Mehdizadə küçəsinə (keçmiş 4-cü Zavodskaya) çatır. Küçənin uzunluğu təqribən 1,5 kilometrdir və bu illər ərzində bir çox ad və görkəm dəyişikliklərinə məruz qalıb.

XIX əsrin ortalarına qədər indiki 28 May küçəsinin yerində bağ və bostanlar yerləşirdi. 1883-cü ildə Bakı dəmir yolu stansiyasının tikintisi ilə onu şəhərlə birləşdirəcək asfaltlanmış küçənin yaradılması zərurəti yarandı. Küçə əvvəlcə “Vokzalnaya” adlanırdı. 1887-ci ildə bitişik ərazidə ilk telefon stansiyası tikildi, bu da küçənin adının “Telefonnaya” olaraq dəyişdirilməsinə səbəb oldu. XIX  əsrin sonlarında bu küçədə atlı tramvaylar (konka) fəaliyyətə başladı ki, bu da onun sonrakı inkişafına öz töhfəsini verdi.

XX əsrin əvvəllərinə qədər bu küçə yoxsulların məskunlaşdığı şəhərətrafı ərazi sayılırdı. Lakin 1898-ci ildə ilk lüteran kilsəsinin, eləcə də neft sənayeçisi Musa Nağıyevin sifarişi ilə çoxmənzilli binaların tikilməsi bu məkanı daha mühüm hala gətrdi.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi şərəfinə küçənin adı dəyişdirilərək Romanovski prospekti adlandırıldı. 1918-ci ildə – Azərbaycanın müstəqillik əldə etməsindən sonra küçə Şollar su təchizatı sistemi kimi mühüm layihə üzərində işləyən və şəhərin su təchizatını təşkil edən inşaat mühəndisi Uilyam Lindlinin şərəfinə adlandırılıb. Lakin 1923-cü ildə sovet ideologiyasının işığında küçənin adı yenidən dəyişdirilərək respublikada sovet hakimiyyətinin elan edilməsi şərəfinə “28 Aprel küçəsi” adlandırılıb.

Sovet dövründə bu küçədə fəal inkişaf prosesi olub. Burada yeni beşmərtəbəli evlər tikilib, inqilabdan əvvəlki binalar bərpa edilib. 1934-cü ildə küçədə Stalin memarlığının iki nəhəng binası tikildi ki, onlardan birində Nizami kinoteatrı, digərində isə sonralar AZƏRTAC informasiya  agentliyinin əsas korpusu yerləşdi. 1950-ci illərdə Əsgər bazarının yerində Səməd Vurğun adına Park salınıb ki, bu da küçənin tarixində daha bir əlamətdar hadisə olub.

1960-cı illərin əvvəllərindən bəri küçədə dəyişikliklər davam etdi. 1967-ci ildə Bakı metrosunun ilk xətti küçənin altından çəkildi və beləliklə, “28 Aprel” stansiyası yarandı. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin elan edildiyi gün küçə və metro stansiyasının adı dəyişdirilərək “28 May” adlandırılıb.

Bülbül prospektindən Zorge küçəsinə qədər olan hissədə nəqliyyatın hərəkəti şərqdən qərbə doğru birtərəflidir. Küçəni Qara şəhərlə birləşdirən tramvay xətti 2004-cü ildə ləğv edilib, lakin onsuz da bu ərazi şəhərin mühüm və canlı mərkəzi olaraq qalır. Bu gün 28 May küçəsi Bakının çoxşaxəli tarixinin izlərinin qorunub saxlandığı mərkəzi küçələrindən biridir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top