Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları torpağa tapşırılıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları torpağa tapşırılıblar

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov torpağa tapşırılıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə polis əməkdaşları ilə vida mərasimi keçirilib. Mərasimdə onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Xəzər rayonunun Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov isə Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri, eləcə də şəxsi heyət, həlak olan polislərin doğmaları, rayon sakinləri, qazilər, müvafiq rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra polis əməkdaşları yaylım atəşi altında torpağa tapşırılıblar. Onların ruhlarına dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb, əklillər qoyulub.

Həlak olanların tabutlarının büküldüyü üçrəngli Dövlət Bayrağı ailə üzvlərinə təqdim edilib.

Polis serjantı Mahir Ağayevin atası Mayıl Ağayev jurnalistlərə müsahibəsində hadisədən səhər tezdən xəbər tutduğunu bildirib: “Mahir 5 ilə yaxın idi ki, hüquq-mühafizə orqanlarının sıralarında xidmət edirdi. O, nişanlı idi, bir neçə aya toyu olacaqdı. Təəssüf ki, qisməti belə gətirdi”.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top