Azərbaycanın xarici borcunun artması niyə yaxşıdır? - RƏY + FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın xarici borcunun artması niyə yaxşıdır? – RƏY + FOTO

Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair yaydığı məlumata əsasən, növbəti ilin büdcə gəlirləri 30 milyard 720 milyon manat təşkil edəcək. Bu, cari ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz və ya 1 milyard 522 milyon manat çoxdur. Dövlət xərclərinin isə 33 milyard 300 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 3,1 faiz və ya 996,2 milyon manat yüksəkdir.

Borclara gəldikdə isə bu məbləğ 2023-cü ildə 1 milyard 117 milyon manat artacaq. Belə ki, Azərbaycanın dövlət borcunun 2022-ci ilin sonunda 16 milyard 476 milyon manat, 2023-cü ilin sonunda isə 17 milyard 593,5 milyon manat olacağı gözlənilir. 2023-cü ildə dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərinin isə 1 milyard 5 milyon manat təşkil edəcəyi düşünülür.  Bildirək ki, 2022-ci il yanvarın 1-də Azərbaycanın daxili və xarici dövlət borcu 16 milyard 899 milyon manat təşkil edib. 

Maraqlıdır, dövlət borcunun artmasına səbəb olacaq valyuta hansı istiqamətlərə xərclənə bilər?

İqtisadçı-ekspert Eyyub Kərimli Oxu.Az-a açıqlamasında bu il büdcə kəsirinin üç milyarda yaxın bir rəqəm olacağını deyib:

“Xarici borcların bir neçə istiqamətdə istifadəsi nəzərdə tutula bilər. Dövlət bunu xarici maliyyə institutlarından cəlb etməklə investisiya formasında işğaldan azad olunan ərazilərin bərpasına xərcləyə bilər. Çünki həmin ərazilərə builkindən 24 faiz artıq vəsaitin yatırılması nəzərdə tutulub. Həmçinin digər infrastruktur layihələrin, güzəştli kreditlərin, həvəsləndirici tədbirlərin həyata keçirilməsində istifadə edilə bilər. Hesab edirəm ki, borcun artırılması gələcəkdə inflyasiyanın qarşısının alınması istiqamətində də faydalı olar”.

Ekspert qeyd edib ki, dövlət borcunun artırılması büdcəyə və ümumdaxili məhsula əlavə təzyiq yaradır:

“Lakin beynəlxalq qaydalarla götürdükdə borcumuz ÜDM-in on faizinə yaxındır və bu, beynəlxalq qəbul olunmuş qaydalardan heç də çox deyil. Çünki qaydalara əsasən, xarici borcun payı nə qədər çoxdursa, inkişaf bir o qədər yüksək olur. Məsələn, ABŞ-da xarici borc 18 trilyondur, Böyük Britaniyada xarici borc ÜDM-dən dörd dəfə, Fransada iki dəfə, Niderlandda üç dəfə çoxdur. Yəni xarici borclanma dünya praktikasında qəbul olunan bir formadır, ölkə iqtisadiyyatını daha çox inkişaf etdirir. Bu, iqtisadi fəaliyyətin bir istiqamətidir və bizdə çox az məbləğdədir. Hesab edirəm ki, daha çoxa ehtiyac var. Biz xaricdən vəsaitlər cəlb etməklə müvafiq sahələrin inkişafına şərait yarada bilərik. Məsələn, alternativ və bərpa olunan enerjiyə, kənd təsərrüfatı sahəsinə xarici kreditlər cəlb etməklə o sahəni daha çox inkişaf etdirərik. Beləliklə, neftdən asılılığımızı da azaltmış olarıq”.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, Azərbaycanda xarici borcların tənzimlənməsi və onun ümumdaxili məhsuldakı payının optimal həddə saxlanmasıyla bağlı xüsusi proqram var:

“O proqrama uyğun olaraq, xarici borcun ümumdaxili məhsuldakı payına görə Azərbaycan bu gün MDB-də ən yüksək göstəriciyə malikdir. 2023-cü ildə dövlət borcunun həcminin artması birbaşa qiymətli kağızlar üzrə borclanmanın artmasıyla bağlıdır. Yəni bu, əslində, daxili borclanmadır. Biz bütövlükdə dövlət borcunun strukturuna diqqət yetirsək, görərik ki, praktiki olaraq xarici valyutada olan borclanmalarda əksər istiqamət üzrə azalmalar var. Beynəlxalq təşkilatlar üzrə borclarda da azalmalar və ya kiçik dəyişikliklər nəzərdə tutulub”.

İqtisadçı diqqətə çatdırıb ki, Dünya Bankı üzrə borclanma 2022-ci ildə 1 milyard 755 milyon manat təşkil edirsə, 2023-cü ildə bu, 1 milyard 478 milyon manata qədər azalacaq:

“Oxşar olaraq digər istiqamətlər üzrə də azalmalar və ya cüzi artımlar var. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi üzrə 422 milyon manat borclanma var, 2023-cü ildə məbləğ 388 milyon manatadək düşəcək. Əvvəldə də dediyim kimi, qiymətli kağızları saxlayan investorlar üzrə borclanmalarda artımlar var. Bu, 2022-ci ildə 7 milyard 582 milyon manatdır olacaqsa, növbəti il 8 milyon 796 milyon manatadək yüksələcək.

Mövcud durum isə ondan xəbər verir ki, dövlət borclanmasında borclanmalar manatla artımdadır. Bu da təbii ki, valyuta riskinin tənzimlənməsi baxımından vacibdir. Manatla borclanma 2022-ci ildə 3 milyard 841 milyon manatdırsa, 2023-ci ildə 5 milyard 64 milyon manatadək artacaq. Yəni daha çox daxili borclanmaya üstünlük veriləcək. Məqsəd də ondan ibarətdir ki, xarici valyutada borclanmada valyuta payının azalması müşahidə olunsun”.

Millət vəkili vurğulayıb ki, bunlar xarici borcun ümumdaxili məhsuldakı payının azaldılmasıyla bağlı siyasətin davam etməsi anlamına gəlir:

“ABŞ üzrə borclanma 11 milyard 245 milyon manatdır, gələn il bu, 11 milyard 171 milyon manata qədər azalacaq. Daxili borclanmaya üstünlük verilməsi qiymətli kağızlar bazarını inkişaf etdirmək məqsədi daşıyır. Azərbaycan hökumətinin daxili borclanmaya üstünlük verməsi xarici borc asılılığının minimumlaşdırılması baxımından vacibdir”.

Sayad Həsənli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top