Azərbaycanın turizm sektoru yay fəsli ərəfəsində: Turlar, qiymətlər, marşrutlar – ARAŞDIRMA + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın turizm sektoru yay fəsli ərəfəsində: Turlar, qiymətlər, marşrutlar – ARAŞDIRMA + FOTO

Hər il yay mövsümünün gəlişinə az qalmış Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yay tətilini səmərəli keçirmək istəyənlər öncədən səyahətlərini planlayır, turizm şirkətləri daxili və xarici səyahətlər üzrə yeni turpaketlər hazırlayır, hotellər və istirahət mərkəzləri qiymətləri artırır.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Komissiyasının sədri Şaiq Məmmədov “Report”a açıqlamasında bildirib ki, artıq turizm şirkətləri yay ayları üzrə turpaketləri satışa çıxarıb:

“Vətəndaşlar hər il olduğu kimi bu il də yay səyahətlərini əsasən Türkiyə istiqamətində planlayır. Amma Avropa istiqamətində də gedənlər çoxdur. Bundan əlavə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi iki ölkənin turist mübadiləsini artıracaq. Yanvar ayından Türkiyə, Monteneqro, BƏƏ, Vyetnam, Qətər və digər istiqamətlər üzrə rezervasiyalar edilir. Azərbaycana Hindistan, Pakistan, Qazaxıstan və qonşu ölkələrdən turist axını yaşanır”, – Ş. Məmmədov bildirib.

O, bu il turpaketlərin bahalaşdığını bildirib:

“Müxtəlif istiqamətlər üzrə nisbi qiymət artımı yaşanır. Daha çox Türkiyədəki hotellər bahalaşıb. Məsələn, keçən il bir ailə müəyyən məbləğ ödəyərək 9 gecə 10 gün qaldığı hoteldə bu il həmin məbləğə 7 gecə 8 gün qala bilir. Bu, demək olar Türkiyədəki bütün hotellərə aiddir. Digər istiqamətlər üzrə isə əsasən yol xərcləri turpaketlərin qiymətinə təsir edir. Azərbaycanda təyyarə biletlərinin nisbətən bahalığı burda əsas amildir”.

Ş.Məmmədovun sözlərinə görə, Azərbaycandan Avropaya gedişlər zamanı viza məsələlərində problemlər yaşanır.

“Assosiasiya olaraq bir çox səfirliklərə müraciətlər ünvanlayıb, görüşlər keçirmişik. Onlar söz verib ki, viza prosedurlarını getdikcə sadələşdirəcəklər. Bəzi səfirliklər viza vermək üçün vətəndaşdan öncədən alınmış təyyarə bileti və ya hotel vauçeri istəyir. Bəzən vətəndaş bunları öncədən alır və sonra viza əldə edə bilməyəndə artıq xərcə düşmüş olur”, – deyə Komissiyanın sədri əlavə edib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Komissiyasının sədri Cəmilə Əliyeva qeyd edib ki, ilin əvvəlində Azərbaycana gələn xarici vətəndaşlardan COVID-19 peyvənd sertifikatının tələb olunmayacağı barədə sərəncam ölkəmizə gələn xarici turistlərin sayını artırıb.

C. Əliyeva bildirib ki, aprel-may aylarında Yaxın Şərq ölkələri ilə yanaşı postsovet ölkələrindən də Azərbaycana gələn turistlərin sayının artdığı görülür.

O hesab edir ki, Azərbaycana Avropadan gələn turist sayı getdikcə artır:

“Azərbaycan haqqında məlumatlar Avropada yayılır. Avropa ölkələri və digər bir çox ölkələrdən Azərbaycana giriş “Asan Viza” üzərindən olur. Bu sistemdən istifadə etmək asandır. Bu da Azərbaycana gələn turistlərin logistik problemlərini həll edir.

Pandemiya dövründə bir çox hava yolu şirkətləri Bakıya uçuşları təxirə salmışdı. Hazırda bu uçuşların bərpası tendensiyası müşahidə edilir. Xüsusən də peyvənd sertifikatlarının yoxlanışı aradan götürüldükdən sonra bir çox hava yolu şirkətinin müntəzəm olaraq Bakıya reyslər təşkil etdiyini görürük. Azərbaycan Körfəz ölkələri, postsovet ölkələri, Avropadan gələn turistlər üçün hələ də öz cəlbediciliyini itirməyib. Postpandemiya dövründə ölkəmizdə yeni turistik marşrut və məkanlar da açılıb. İsmayıllı rayonunda Basqal tarixi-mədəni qoruğu və yeni mehmanxana kompleksləri, Şabran, Lənkəran və Lerik zonasında yeni mehmanxana kompleksləri yaradılıb. Azərbaycanda rekreativ turizmin inkişafı üçün görülən tədbirlər nəticəsində tək yayda deyil, bütün il boyu gedilə biləcək turizm marşrutları formalaşıb”.

C.Əliyeva Azərbaycana xarici turistlərin marağının artdığını deyib:

“4-6 may tarixlərində Dubayda böyük miqyaslı beynəlxalq “Arabian Travel Market” sərgisi keçirildi. Bu sərgidə Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının stendlərinə maraq çox böyük idi. Latın Amerikasından başlayaraq Yaxın Şərq və Körfəz ölkələrinə, Avropaya qədər müxtəlif ölkələrdən olan şəxslər Azərbaycana yüksək maraq göstərirdi. Şirkətlər yaxınlaşıb bizimlə müqavilələr bağlayır, yeni turpaketlər alır və yeni marşrutlar barədə məlumatlar əldə edirdilər. Bu, onu göstərir ki, Azərbaycan turizmi 2017-ci ilin eskalasiyasını yenidən yaşayacaq, o cümlədən bu yay həddən çox dinamik keçəcək”.

C.Əliyeva daxili turizmdə vətəndaşların ənənəvi olaraq Quba, Qusar, Xaçmaz, Qəbələ, Qax, Zaqatala, Şəki zonalarına üz tutduğunu bildirib:

“Son zamanlar Naftalan, Qalaaltı, İstisu sanatoriyaları, Lənkəranda, Lerikdəki sanatoriyalar vətəndaşlarımız arasında məşhurlaşır. Daha öncə Rusiya sanatoriyalarına üz tutanlar indi logistika problemləri yaşandığı üçün yerli rekreativ sanatoriyalarımıza üz tutur və onların xidmətindən xeyli razıdırlar. İsmayıllı qoruğunun açılması, Şabranda sanatoriyanın istifadəyə verilməsi ölkə daxilində istənilən istirahət növü üçün yetəri qədər mehmanxana komplekslərinin olduğunu göstərir”.

C.Əliyeva bildirib ki, pandemiyadan sonra Türkiyə və postsovet ölkələrindəki sanatoriyalarda qiymətlər 30-40 % artıb:

“Bu il ölkədaxili hotellərdə 10-15 % bahalaşma var. Çünki hotellərin istifadə etdiyi məhsulların qiyməti yüksəlib. Bununla belə, regionlarda hər büdcəyə uyğun istirahət məkanı tapmaq olur. Regionlarda 50-60 manata bir gecəlik koteclər, ekoturizm standartlarına uyğun koteclər təklif edilir. Eyni zamanda lüks keyfiyyətli hotellər də var ki, onlarda standart otaqların qiyməti 180-250 manat arasında dəyişir, bəzən 300-400 manata çatır. Hazırda ölkədaxili turpaketlərin qiymətində cüzi artım var. İyun-iyul aylarında isə mehmanxana və hotellərin qiyməti bir az da artacaq və bu da turpaketlərin də qiymətinə təsir edəcək”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top