Azərbaycandan mülk alan əcnəbilər kimlərdir? - AÇIQLAMA + FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycandan mülk alan əcnəbilər kimlərdir? – AÇIQLAMA + FOTO

2022-ci il ərzində Azərbaycanda, ümumilikdə, 109 602 mənzil alqı-satqısı müqaviləsi rəsmiləşdirilib. Ədliyyə Nazirliyinin məlumatına görə, evlərdən 1974-ü əcnəbilər, 107 628-i isə yerli vətəndaşlar tərəfindən əldə edilib.

Maraqlıdır, əcnəbilər, əsasən, hansı ölkənin vətəndaşlarıdır və onlar daha çox hansı ərazilərdən mülk alıblar? 

Mövzu barədə Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev çıxarışı olmadan satılan mənzillərin sayının daha çox olduğunu vurğulayıb:

“Yeni tikili binalardakı müqaviləli mənzillər və çıxarışı olmayan fərdi həyət evləri var ki, qiymətləri ucuz olduğuna görə onlara tələbat daha çoxdur. Lakin çıxarışları olmaması səbəbi ilə dəqiq nə qədər əmlakın satıldığını söyləmək mümkün olmur”. 

Əcnəbi vətəndaşların burada mülk sahibi olması məsələsinə gəldikdə isə ekspert diqqətə çatdırıb ki, onlar şəhərin müxtəlif ərazilərindən mənzil alırlar:  

“Amma məsələni nəzərə çatdırım ki, əcnəbi vətəndaşlar dedikdə onların heç də hamısı başqa millətin nümayəndəsi deyillər. Böyük bir əksəriyyəti milliyyətcə azərbaycanlıdır, sadəcə olaraq uzun illər başqa ölkələrdə yaşayıblar və həmin ölkələrin vətəndaşlığını alıblar. Ona görə də Azərbaycanda ev alanda əcnəbi kimi qeydiyyatdan keçirlər. Onlar müxtəlif ərazilərdən ev alırlar. Digər millətlərin nümayəndələri olan əcnəbi vətəndaşlar da var ki, onlar Azərbaycanda vətəndaşlıq almaq üçün müraciət edərkən ya bank hesablarında 100 min manatdan artıq pul olmalıdır, ya da Azərbaycanın daşınmaz əmlak sektoruna yatırım etməlidirlər və həmin investisiyanın məbləği 100 min manatdan çox olmalıdır. Beş il ərzində onlar aldıqları mülkdə müvəqqəti yaşayırlar və həmin dövrdə əmlak qiymətləndirilir, nəhayət, beş ildən sonra daimi yaşayışa müraciət edə bilirlər”.

Müsahibimizin sözlərinə görə, vətəndaşlıqla bağlı müraciət edən əcnəbilər daha çox ucuz evlər alırlar:

“Mərkəz ərazilərdəki böyük kvadratlı evlər bahadır. Lakin bir az kənarda yeni tikili binalardan mənzil alanda qiymət münasib olur. Əsasən, yeni tikili binalardan birotaqlı mənzil alırlar. Milliyyətcə azərbaycanlı olan xarici vətəndaşlar, əsasən də Rusiyada yaşayanlar buradakı əmlaklarını mikrorayon ərazilərindən alırlar. Gürcüstan vətəndaşları daha çox “Neftçilər”, “Qara Qarayev” metro stansiyaları yaxınlığındakı mənzillərə üstünlük verirlər. Digər millətlərin nümayəndələri isə mərkəzə yaxın əraziləri seçirlər”.

Elnur Fərzəliyev hesab edir ki, daşınmaz əmlak sahəsinə xarici investorlar cəlb edilməlidirlər:

“Bunun üçün ilk növbədə tikilən binalar Avropa, dünya standartlarına uyğun olmalı, xarici vətəndaşlar üçün kredit şərtləri müəyyən edilməlidir. Həmçinin çıxarışsız əmlaklar da çıxarışla təmin olunmalıdır. Bu gün əcnəbi Azərbaycanda fərdi həyət evi ala bilmir. Alsa, mənzil həmin şəxsin adına keçsə də, torpaq sahəsi həmin əcnəbi vətəndaşın adına rəsmiləşə bilmir. Çünki Azərbaycan qanunvericiliyinə görə əcnəbi vətəndaş Azərbaycan ərazisindən torpaq ala bilməz. O baxımdan əcnəbi vətəndaşların fərdi həyət evlərini istəsələr belə, onu almaqda maraqlı olmurlar. Yeni tikili binalarda isə mərkəz və mərkəzə yaxın ərazilər kəskin baha olduğuna görə alıcı sayı azdır. Lakin Türkiyədə hər il əcnəbilər, demək olar ki, on minlərlə daşınmaz əmlak alırlar. Bu da Türkiyə iqtisadiyyatının daşınmaz əmlak sahəsində ayaqda durmasında böyük rol oynayır”.

Sayad Həsənli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top