Azərbaycanda niyə halal turizm yaradılmır? - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda niyə halal turizm yaradılmır? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox ölkələrdə halal turizm var. 

Aparılan araşdırmalara görə, müsəlmanlar səyahət üçün əsasən Dubay, Türkiyə, Qətər, Malayziya və digər bu kimi ölkələri seçirlər. 

Artıq müsəlman ölkələrin əksəriyyətində halal turizm yaradılsa da, Azərbaycanda hələ bu addım atılmayıb. 

Bir zamanlar ölkəmizdə turizmin bu növü barədə standartların hazırlandığı bildirilsə də, tətbiq edilməyib.

Bəs niyə ölkəmizdə halal turizm yaradılmır?

Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Oxu.Az-a bildirib ki, Azərbaycana gələn turistlərin arasında müsəlman ölkələrindən gələnlərin sayı nisbi çoxluq təşkil edir:

“Halal turizm məhsullarının formalaşması həmin ölkələrdən gələn turistlər üçün alternativ seçimlər təklif edə bilər. İlkin addım bu istiqamətdə standartların hazırlanması və halal sertifikatının verilməsi prosedurlarının müəyyənləşdirilməsidir. Bu istiqamətdə işlər davam etdirilir. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab edilir. Bununla belə, standartlar müəyyənləşdirildikən sonra sənaye də halal turizm məhsullarının yaradılması işində aktiv iştirak etməlidir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Oxu.Az-a açıqlamasında bildirib ki, son illər dünyada halal turizm konseptində hotellərin artması müşahidə olunur:

“Türkiyənin dənizkənarı bölgələrində belə hotellər fəaliyyət göstərir və uğurlu layihədir. Burada əsas məqam hovuzların, çimərlik ərazilərin kişi və qadınlar üçün ayrı olmasıdır. Eyni zamanda, qidaların halal olması və spirtli içkilərin olmaması əsas şərtidir”.

Ekspert bildirib ki, Azərbaycanda da halal turizmin yaradılması effektli ola bilər:

“Bizim ölkədə əksər qidalanma halal kəsimlərlə olur. Nəzərə alsaq ki, bizim dəniz imkanımız var. Sahibkarlarla bu məsələyə diqqət yetirsələr, uğurlu bir layihə olar. Çünki Azərbaycana ərəb ölkələrindən turistlərin gəlməsi çoxluq təşkil edir. Bu layihəni həyata keçirsək, çox uğurlu olar”.

İlhamə Əbülfət 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top