Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?

Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin dirçəlməsinə, yeni iş yerlərinin açılmasına səbəb ola bilər.

Dəri isehsalı və ixracını genişləndirmək üçün Azərbaycanda birgə müəssisələr yaradılmalıdır. Yeni texnologiyalardan istifadə, Türkiyə və xarici iniverstorların bu sahəyə cəlb olunması daha məntiqli olardı.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə dəri istehsalı ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Onun fikrincə, Türkiyənin dəri məhsulları dünyada markalaşmış ada malikdir. Dünyada yeni avadanlıqlar vasitəsilə istehsal həcmi və keyfiyyətində böyük irəliləyişlər əldə olunub. Ona görə də bu sahədə bacarığı olan xarici investorların ölkəyə cəlb edilməsi daha yaxşı olar.
“Dünya bazarına çıxarıla biləcək məhsulun istehsalı məqsədilə yeni texnologiyalarla təchiz olunan zavodlar yaradılmalı, ölkədə istehsalı təşviq etmək üçün stimullaşdırıcı addımlar atılmalıdır”, – Cəfərli deyib.
İqtisadçı hesab edir ki, ilkin addım olaraq, Türkiyə ilə ikitərəfli müqavilələr bağlanmalı, onlar üçün cəlbedici mühit yaradılmalıdır. Bu, istehsalın artırılmasında mühüm rol oynayan amilə çevrilə bilər.
Ekspert bildirir ki, bu cür müəssisələrin uzunmüddətli vergilərdən azad olunması da təklif kimi verilə bilər:
“Dəri istehsalının təşviqi üçün bütün növ avadanlıqların gömrük rüsumundan azad edilməsi, vergi güzəştlərinin tətbiq edilməsi xarici investorların da ölkəyə cəlbinə şərait yarada bilər. Azərbaycandakı xammalın emalı və istehsalı üçün kifayət qədər münbit şərait, potensial var. Xammal var və bəzi parametrlərə görə ölkəmizdə işçi qüvvəsi Türkiyədən daha da ucuzdur”.

Dəri istehsalına maraq niyə azalıb?

Natiq Cəfərlinin sözlərinə görə, müəyyən dövrdə yerli istehsalın bahalaşması, şəraitin dəyişməsi xaricdən bu məhsulların idxalını daha sərfəli hala gətirib. 2000-ci illərin ortalarından manatın daha baha olması idxalı stimullaşdıran amilə çevrildi. Nəticədə yerli istehsala çox böyük zərbə dəydi. Hazırda dəri məmulatlarının böyük əksəriyyəti, təxminən 3/4-ü xaricdən gətirilir.
Həmsöhbətimiz bildirir ki, bu sahədə cəlbedicilik artırılmazsa, o zaman müəyyən irəliləyiş əldə etmək çətin olacaq. Bunun əksi baş verərsə, bu sahəyə cəlbedicilik artırılarsa, o zaman Azərbaycanda yeni iş yerləri də açılmış olar.

Azərbaycanda istehsal olunan dəri hara gedir?

Azərbaycanda bir sıra sahələrdə adını brendə çevirən, eyni zamanda dəri istehsalı ilə məşğul olan şirkələrdən birinin istehsal etdiyi dərilər hazırda İtaliya, İspaniya, Türkiyə, Ukrayna və İran bazarlarına ixrac olunur. Zavodun gündəlik istehsal həcmi – 27 ton dəri (5000 gön) və 3000 kiçik gön parçalardan ibarətdir.
Dəri emalı zavodu 46,700m² ərazini əhatə edir. Zavod İtaliya istehsalı olan ən son texnologiya ilə dərinin aşılanması, presləmə və parlatma avadanlıqları istehsalçısı olan CM və Aletti kimi məşhur dəri emalı makinaları ilə təchiz edilib.
Eyni zamanda bu müəssisə dərinin aşılanması və örtülməsi üzrə avadanlıq istehsalçısı Poletto, aşılama, parlatma, presləmə istehsalçısı Flamar Tomboni, kimyəvi maddələr istehsalçısı olan Alpeklə əməkdaşlıq edir. O, sözügedən şirkətlərin dəri emalı və prosesə nəzarət avadanlıqları ilə təchiz edilib.

Rəqəmlər nə deyir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, Azərbaycanda dəri ixracı 1997-ci illə müqayisədə kifayət qədər azalıb. Belə ki, DSK-nın məlumatına görə, Azərbaycandan ixrac edilən emal olunmuş qoyun və quzu dərilərinin miqdarı 2014-cü illə müqayisədə azalıb. Belə ki, 2014-cü ildə ölkədə ixrac 1925.4 ədəd olub. Lakin 2017-ci ildən etibarən isə bu rəqəmlərdə azalma qeydə alınıb. Ötən il isə 584,0 dəri ixrac olunub.
Qeyd edək ki, DSK-nın məlumatlarına görə, cari ilin 8 ayında 14.6 milyon manatlıq dəri və dəridən məmulatlar, ayaqqabılar istehsal olunub. 2018-ci ildə ölkədə 29 ədəd dəri və dəridən məmulatlar, ayaqqabılar istehsal edən müəssisə olubsa, ötən il bu rəqəm cüzi də olsa artaraq 32-yə çatıb.
Bundan başqa, sənayedə əsas kapitala yönəldilən investisiyaların 2018-ci ildə 1.9, ötən il isə 0.2 milyon manatı bu sahənin payına düşüb.

Azərbaycanda bu sahənin dirçəlməsi üçün nələr edilib?

2021-ci ilin dekabrın 21-də Nazirlər Kabinetinin 395 nömrəli Qərarı ilə gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib.
Qərar ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, gön və dəri məhsullarının xammal kimi istifadə olunduğu istehsal və emal sahələri üzrə yerli sənaye müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qeyd edək ki, gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kq üçün 350 ABŞ dollarından 150 ABŞ dollarına endirilməklə qüvvədə olma müddətinin 31.12.2023-cü il tarixinədək uzadılmasını nəzərdə tutur.

BƏNZƏR MƏQALƏLƏR

Top