“Azərbaycan Olimpiya Evi”ndə XXXIII Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızla görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərbaycan Olimpiya Evi”ndə XXXIII Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızla görüş keçirilib

Paris, 11 avqust, AZƏRTAC

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə qələbə qazanmış idmançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri və başqaları iştirak ediblər.

Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız – boksçu Alfonso Dominqes və sərbəst güləşçi Georgi Meşvildişvili, eləcə də bədii gimnastika üzrə komandamızın üzvləri alqışlarla qarşılanıb. Bildirilib ki, XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini bir daha nümayiş etdirib. Ölkəmizi ləyaqətlə təmsil etdikləri üçün idmançılarımıza uğurlu karyera, nailiyyətlər arzulanıb.

Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımızın böyük uğurlara imza atdıqlarını vurğuladı. İdmançılarımızın hər qələbəsində Dövlət Bayrağımız yüksələndə, Himnimiz səslənəndə hər kəsin qürur hissi duyduğunu bildirib. Azərbaycan Boks Federasiyasının prezidenti XXXIII Yay Olimpiya Oyunlarında bütün xalqımıza qürur hissi yaşadan idmançılarımıza, onları dəstəkləyən hər kəsə, texniki-inzibati personala, qələbəmizi geniş və layiqli işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib. Qeyd edib ki, idman hamımızı birləşdirdi. S. Babayev idmanımıza və idmançılarımıza bugünkü şəraiti, imkanı yaradan və onları dəstəkləyən Azərbaycan Prezidenti İlham Əiyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, xalqımıza tədbir iştirakçıları adından təşəkkür edib. Olimpiya Oyunlarının sonuncu günü yarışlara qoşulacaq idmançılarımıza uğurlar arzulayaraq, onların medal qazanacağına əmin olduğunu bildirib.

Tədbir çərçivəsində “Azərbaycan Olimpiya Evi”nin qonaqlarına ölkəmizin Olimpiya tarixi, mədəniyyəti, eləcə də Olimpiya Oyunlarında iştirak edən idmançılarımızdan bəhs edən nəşrlər nümayiş etdirilib və iştirakçılara hədiyyə olunub.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri səsləndirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top