Azərbaycan ilə Mərkəzi Asiya arasında geosiyasi əlaqələrin əsas vektorları – ŞƏRH – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan ilə Mərkəzi Asiya arasında geosiyasi əlaqələrin əsas vektorları – ŞƏRH

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 8-də Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfəri, bir gün sonra Astanada baş tutan toplantıda müzakirə olunan məsələlər, o cümlədən dövlətimizin başçısının çıxışı Mərkəzi Asiya kontekstində beynəlxalq siyasətin və ölkəmizin strateji maraqlarının təhlili üçün yeni üfüqlər açdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə analitik Masil Dəmirov səsləndirib.

Azərbaycanın diplomatik fəaliyyəti çərçivəsində səfərin əhəmiyyətindən danışan analitik qeyd edib: “Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın regionda yüksək səviyyədə tanınmasından və ona olan hörmətdən xəbər verir. Bu, Azərbaycanın Avrasiya məkanında vacib aktor kimi mövqeyini möhkəmləndirməyə yönəlmiş fəal və düşünülmüş diplomatik strategiya sayəsində mümkün olub. Prezident İlham Əliyevin mütəmadi səfərləri, o cümlədən son iki ildə Mərkəzi Asiyaya 16 səfəri Azərbaycanın mövcud gücünün və yüksək potensialının olduğunu bir daha sübut edir. Bu fəaliyyət regionun əsas dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsinə və davamlı münasibətlərin daha dinamik inkişafına yönəlmiş, fokuslanmış xarici siyasət strategiyasından xəbər verir”.

Mərkəzi Asiyanın Azərbaycan üçün geosiyasi əhəmiyyətinin geniş spektrə malik olduğunu vurğulayan Masil Dəmirov bildirib ki, bu region qlobal enerji və nəqliyyat dəhlizlərində əsas rol oynayan strateji əhəmiyyətə malikdir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün Mərkəzi Asiyanın strateji şəbəkəsinə inteqrasiya mühüm əhəmiyyət daşıyır. Azərbaycan təkcə enerji əməkdaşlığı deyil, həm də Bakı-Tbilisi-Qars, Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafını ehtiva edən geosiyasi mövqeyə sahibdir. Prezident İlham Əliyevin səfəri bu istiqamətdə mühüm addım olmaqla Azərbaycanın Avropa ilə Asiya arasında səmərəli və etibarlı nəqliyyat, enerji əlaqələrinin yaradılmasında əsas rol oynamağa hazır olduğunu nümayiş etdirdi. Bu əlaqələr təkcə iqtisadi inkişafa deyil, həm də regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Mərkəzi Asiya arasında tarixi və mədəni əlaqələrin dərin kökləri var, bu da münasibətlərin daha da inkişafı üçün möhkəm zəmin rolunu oynayır. Çoxəsrlik tarix, mədəniyyət və din Azərbaycanla Mərkəzi Asiya xalqlarını birləşdirir, müxtəlif sahələrdə səmərəli əməkdaşlığa şərait yaradır. İşğaldan azad edilmiş Qarabağda Mərkəzi Asiya dövlətləri tərəfindən maliyyələşdirilən təhsil müəssisələrinin açılması qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir. Bu layihələr regionun bərpasına və inkişafına töhfə verməklə yanaşı, ölkələrimiz arasında mədəni və təhsil əlaqələrini də gücləndirir. Mərkəzi Asiya ilə nadir mədəni-tarixi əlaqələrə malik Azərbaycan qarşılıqlı anlaşma və etimadı gücləndirmək üçün lazımi töhfələrini verməklə, qardaşlıq prinsiplərini əsas götürür, bu da onun maraqlarının beynəlxalq aləmdə uğurla təbliği üçün mühüm əhəmiyyət kəsb edir”.

Masil Dəmirov qeyd edib ki, iqtisadi əməkdaşlıq və investisiya layihələri Azərbaycanın xarici iqtisadi siyasətinin ən mühüm istiqamətlərindəndir. Dövlətimizin başçısı səfəri zamanı iqtisadi əlaqələrin dərinləşdirilməsi strategiyasının əsas elementləri kimi Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yaradılan birgə investisiya fondlarının əhəmiyyətindən danışıldı. Bildirildi ki, bu vəsaitlər ikitərəfli və çoxtərəfli layihələrin inkişafına töhfə verməklə yanaşı, Azərbaycan və Mərkəzi Asiya arasında iqtisadi inteqrasiyanı gücləndirir. Rəqəmsal İpək Yolu layihəsi nəinki rəqəmsal infrastrukturun inkişafına təkan verən, həm də regionun iqtisadi təhlükəsizliyini gücləndirən ən iddialı təşəbbüslərdən biridir. Azərbaycan nəqliyyat dəhlizlərinin genişləndirilməsində və liman infrastrukturunun modernləşdirilməsində fəal iştirak edir ki, bu da onun Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirir. Bu fəaliyyət iqtisadi artım üçün yeni imkanlar yaradır və Azərbaycanın beynəlxalq aləmdə təsir imkanlarını genişləndirir.

“Nəticə etibarilə Prezident İlham Əliyevin Qazaxıstana səfəri və Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirakı ölkəmizlə bu region arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ oldu. Azərbaycanın bu prosesdəki rolu ənənəvi diplomatiya deyil, iqtisadi əməkdaşlığı, mədəni əlaqələri, ekoloji təşəbbüsləri və təhlükəsizliyi əhatələyən daha dərin və geniş münasibətləri ehtiva edir. Azərbaycan özünün geosiyasi mövqeyindən və strateji resurslarından istifadə edərək Mərkəzi Asiya ilə fəal uğurlu əlaqələr qurur, regionun inkişafına töhfə verir və beynəlxalq aləmdə mövqeyini gücləndirir”, – deyə analitik əlavə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top