Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisi olacaq. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisi olacaq.

2019-cu il sərgi mövsümünün ilk tədbiri 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF”) sərgisi olacaq.

Aprel ayının 4-dən 6-dək Bakı Ekspo Mərkəzində “Turizm və Səyahətlər” (“AITF”)  keçiriləcək. Hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişaf kursunda aktual məsələlərdən biridir. Prezident İlham Əliyevin sərgiyə göstərdiyi maraq bir daha turizm sektorunun inkişafının mühüm əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

Bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış edəcək. Qeyd etmək lazımdır ki, əvvəlki illə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib.

Bu il sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və sağlamlıq turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü – rəqs vasitəsilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək.

“Nəsimi ili” “AITF” sərgisi çərçivəsində də öz əksini tapacaq. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, bu hadisəni qeyd etmək və bununla da şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.

Sərgi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

Bu il ilk dəfə olaraq, sərginin daimi iştirakçısı – Dominikan Respublikası Turizm Nazirliyi öz turizm marşrutunu “AITF” sərgisinin ziyarətçilərinə daha parlaq şəkildə təqdim etmək üçün tədbirin sponsoru qismində çıxış edəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top