Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilmişdir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilmişdir

Mayın 18-də “ADA” Universitetində 2-ci Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilmişdir. Economic-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin, “ADA” Universitetinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “East İnvest” təşkilatının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Avropa Birliyi ölkələrindən və Azərbaycandan qida, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, konsaltinq və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı, o cümlədən Avropa İttifaqı ölkələrindən 70-dən çox iş adamı iştirak etmişdir.

  Biznes forumda çıxış edən Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, ölkə iqtisadiyyatının tanıdılması baxımından əhəmiyyətini qeyd etmişdir. Azərbaycan və Avropa İttifaqı ölkələri arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edən Hafiz Paşayev “ADA” Universitetinin Avropa İttifaqının təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyini bildirmişdir.

  İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulmuşdur. 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaratmışdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 47%, 2016-cı ilin I rübündə isə 43% olduğunu vurğulamışdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 45,6% və 35% olmuşdur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə İşçi Qrupu yaradılmışdır. 2012-ci ildən indiyədək Avropa İttifaqı ölkələri ilə 100-ə yaxın biznes forum və müxtəlif tədbirlər təşkil edilmişdir. Dünən Niderlandla keçirilən biznes forumda sənaye parkları, elmi araşdırma, İKT startap, aqrobiznes xidmətləri, təşviqat sahələrində 5 memorandum imzalanmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilmişdir. BTC-nin Azərbaycan və Avropa İttifaqı arasında əlaqlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran Şahin Mustafayev dünən Yunanıstanda təməli qoyulmuş TAP layihəsinin də əməkdaşlığa daha bir nümunə olduğunu vurğulamışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top