AZAL Bakı ilə Naxçıvan arasında uçuşların tezliyini artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Bakı ilə Naxçıvan arasında uçuşların tezliyini artırıb

Azərbaycanın milli aviadaşıyıcısı populyar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını əhəmiyyətli dərəcədə artıraraq gündə 10 dəfəyədək çatdırıb. Ehtiyac olduqda aviaşirkət sərnişinlərin tələbini ödəmək üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Uçuşların tezliyinin artırılması sərnişinlərə Azərbaycanın iki şəhəri arasında səfərlərinin planlaşdırılmasında daha çox çeviklik təmin edəcək.

Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir. Bu, onlara ən əlverişli uçuş vaxtını seçmək imkanı verəcək və mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir. Belə ki, yayın iki ayı ərzində 1 000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb. Bu marşrut üzrə gündə orta hesabla 2 700-ə yaxın sərnişinə xidmət göstərilib. Bu iki ay ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən çox reys iyunun 26-da (14 reys) və iyulun 6-da (13 reys) həyata keçirilib.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından və ya AZAL-ın kassalarından əldə edə bilərlər.

Aviaşirkət “Azərbaycan Hava Yolları”nın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat hazırlayıb. Videotəlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=9PiPTkNkBSU.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204-65-54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top