ASTA Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə tədbiri keçirib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ASTA Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə tədbiri keçirib

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) mayın 6-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “100 il – 100 ağac” başlığı altında ağacəkmə aksiyası Bakı Ekspo Mərkəzinin həyətyanı sahəsində baş tutub.

Ağacəkmə tədbirinin əsas məqsədi Assosiasiyanın üzvlərini bir araya toplayaraq, ətraf mühitin qorunmasına və bərpasına hər zaman böyük önəm vermiş Ulu Öndərin 100 illik yubileyini qeyd etmək olub. Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm verib, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri hesab edib. Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib.

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının Sədri Fərid Məmmədov tədbirdə açılış nitqi ilə çıxış edib. Ağacəkmə aksiyasında Caspian Event Organisers”, “Iteca Caspian”, “AzExpoMontage”, “Caspian Freight Services”, “GREENWICH Travel Club” şirkətləri və Bakı Ekspo Mərkəzin nümayəndələri iştirak ediblər.

Bu il Ümummilli Liderin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycanda sərgi sənayesinin əsasının qoyulmasında Ulu Öndərin müstəsna rolu olub. Ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Heydər Əliyev tərəfindən irəli sürülüb. Azərbaycanda ilk beynəlxalq sərgi – “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edir.

Assosiasiyanın təşkil etdiyi ağacəkmə tədbiri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha anaraq, onun yaşıllıqlara, təbiətin mühafizəsinə olan qayğı ənənəsini davam etdirir.

Bundan başqa, ağacəkmə tədbirləri ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edən faydalı fəaliyyət növlərindən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top