Arzu Qafarlı: “Sumqayıt xarici və yerli investorların yaddaşında, ən etibarlı və gəlirli şəhər kimi iz buraxacaq.” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Arzu Qafarlı: “Sumqayıt xarici və yerli investorların yaddaşında, ən etibarlı və gəlirli şəhər kimi iz buraxacaq.”

Sumqayıtda gedən müsbət proseslər onu göstərir ki, yaxın zamanlarda tanınmış brendləri artıq şəhərdə görə bilərik. Çünki şəhərdə sahibkarlar üçün gözəl imkanlar və biznesin inkişafı üçün hər bir şərait yaradılır. Bazar günümdən istifadə edərək, yolumu dəniz kənarında salınan yeni bulvardan saldım. Bu möhtəşəm layihənin gözəl mənzərəsi ilə yanaşı, biznes üçün də əlverişli olacağına heç bir şübhəm yox idi. Yeni yaradılan bulvarı, dənizi seyr edə-edə Sumqayıtda biznes mühitinin yaxşı olması üçün bir neçə arqumentləri fikirləşdim. Bunlardan bir neçəsini aşağıda qeyd edəcəm:
1)Azərbaycanda fəaliyyət göstərən bank və BOKT (Bank olmayan kredit Təşkilatı) 90 %-i Sumqayıtda fəaliyyət göstərir. Demək olar ki, hər prospekt və küçədə bank filialı var. Bu da vaxt, gəlir, inkişaf baxımdan biznesin inkişafı üçün əlavə bir dəstəkdir. Məsələn: Kredit almaq üçün, köçürmələr etmək üçün, depozit yerləşdirmək, və digər əməliyyatlar aparmaq üçün əlverişlidir.

2)İdeya var, əldə pul var və əlbəttə ki, bundan sonra axtardığımız ən önəmli məsələlərdən biri müəssisənin yerləşəcəyi (qiymət və xidmət baxımından sərfəli və səmərəli) ünvandır. Sumqayıt şəhərində istənilən ideyaya uyğun səmərəli və sərfəli ofis, torpaq sahəsi, bina tapmaq çox asandır. Ən əsası da qiymətlər burda hər bir sahibkarın istədiyi kimi çox sərfəlidir. Sadaladığım bu göstəricilər investorlar üçün çox vacibdir.
3)Sumqayıt şəhərində biznes qurmağın əsas üstünlüklərindən biri də istənilən sahədə işçilərin tapılması çox rahatdır. Yəni ki, əlavə xərclər çəkib qıraqdan işçi cəlb etməyə ehtiyac yoxdur. Bu şəhərdə çoxsaylı əzmlə işləyən, əməksevər insan var. Savadlı işçi tapmaq bu şəhərdə çox asandır. İstər meneceri, mühəndisi, ustası, istərsə də fəhləsi. Bir sözlə, açacağınız hər bir biznesə uyğun işçi qrupu tapmaq bu şəhərdə mümkündür.
4)Son aylarda şəhər icra başçısının apardığı tikinti-abadlıq işləri biznes mühitini şəhərdə yeni biznes açmaq istəyənlər üçün son dərəcə cazibədar edir. Sumqayıt şəhəri Bakı ilə müqayisədə daha asan biznesə başlama imkanlarına malikdir. Burada rəqabət Bakı ilə müqayisədə daha azdır, buda biznesinizin qısa zamanda inkişaf etməsində bir üstünlükdür.
5)İnvestorlar hər hansı bir şəhərə pul yatırmadan öncə maraqlandıqları önəmli məsələlərdən biridə, şəhər əhalisinin ödəniş qabiliyyətinin olmasıdır. Sumqayıt bu məsələdə də heç də paytaxtdan geri qalmır. Sumqayıtın 334 min nəfər əhalisi var. Bu rəqəm də istənilən biznesi qurub inkişaf etdirməsində, gəlir əldə edilməsində yaxşı bir göstəricidir. Məsələyə daha da yaxşı və qısa açıqlama verərək qeyd edim ki, Sumqayıt şəhəri biznes qurmaq üçün ən mükəmməl yerlərin başında durur.
6)Xərclər: Bu şəhərdə bizneslə məşğul olan yaxın yoldaşların maliyyə balansında aktivlərin həmişə passivləri üstələdiyini görmüşük. Mənfəət, zərərindən hamı razı qalıb. Məsələn, paytaxtda bizneslə məşğul olan vətəndaş fiziki şəxs kimi 4 % vergi (fiziki şəxslər) ödəyir. Amma həmin bizneslə Sumqayıtda məşğul olduqda vergi 2 % olur. Puluna qənaət edənlər üçün 2 % böyük rəqəmdir. Aylıq dövriyyə 100 min manatdırsa, bu rəqəm 2000 manat fərq edir. 2000 manat da ofis kirayəsi və avadanlıqları, həmçinin digər xərcləri ödəməyə bəs edər.
7)Digər xərclər: Paytaxtda ofis kirayəsi və ya mağaza kirayəsi 2-3 dəfə Sumqayıtdan çoxdur. Sahibkar da məcbur məhsulun qiymətini qaldırır. Bu gedişat da alıcıların azalmasına gətirib çıxardır. Çünki indiki zamanda hamı məhsulun qiymətini və keyfiyyətini yaxşı bilir. Yuxarıda qeyd etdiyim kimi, Sumqayıtda isə istənilən yerdə sərfəli və səmərəli ofis kirayə etmək çox asandır. Bu zamanda məhsul öz qiymətinə satılacaq, alıcılıq qabiliyyəti də yüksək olacaq. Onlarla dost-tanış var ki, artıq bunları edir. Sadalamadığım digər üstünlüklər də çoxdur. Sadəcə bu bir qismidir.
8)Başqa bir misal kimi – təcrübəli işçi və əməkhaqqı ilə bağlı reallığı qeyd etmək istərdim. Bakıda işləyən təcrübəli işçilərin əksəriyyəti Sumqayıt vətəndaşlarıdır. Onlar vaxtı və yol pulunu nəzərə alaraq daha çox əməkhaqqı tələb edir. Bakıda təcrübəli və az əməkhaqqıyla işçi tapmaq bir az qəliz məsələdir. Sumqayıtda isə bu çox asandır. Həm biznesimizin inkişafına dəstək ola biləcək işçi və aşağı əməkhaqqıyla insan resursunu yaratmaq asan olar.
9)Sumqayıtda biznes qurmaq üçün yoldaşlarla, tanışlarla danışdıqda onlar böyük bir investisiyanı düşünür. Bunu yaxşı bir hal kimi qəbul etmək olar. Amma onu da qeyd edim ki, bu şəhərdə biznes açmaq üçün böyük investitsiya ilə yanaşı, kiçik investisiya ilə də biznes qurmaq mümkündür. Siz kiçik bizneslə böyük gəlirlər əldə edə bilərsiniz. Bu şəhərdə istənilən biznesi inkişaf etdirmək (vaxt, pul, idarə etmə baxımdan) çox asandır.

10)Şəhərin gözəl mənzərəsi, tıxacsız və geniş yolları, dənizi, dəniz kənarı yaradılan yeni bulvarı, parkları və sair sizin quracağınız biznesə müsbət təsir edə bilər. Sumqayıtda biznes qurmaq üçün bir neçə arqumentləri qeyd etdim, amma qeyd etmədiyim daha çox müsbət arqumentlər var, əlbəttə ki. Biznes sahəsində təlimlər keçdiyimdən, məsləhət xidmətimin olması, biznes planlar yazdığımdan, bazar araşdırmaları etdiyimdən ətrafımdakı insanların əksəriyyəti sahibkarlardır. Bu şəhərdə sahibkarlıqla məşğul olan kimsədən pessimist cavab eşitməmişik. Əksinə, kiçik biznesə pul yatıranların, böyük gəlir əldə etdiyini eşidirik.

Sumqayıtda biznes qurmaq üçün 10+ səbəb – İş adamlarına maraqlı hansı yeni ideyalar var?

Sumqayıtda biznes qurmaq üçün bir neçə ideyanı qeyd edəcəyəm. Təkliflərim əsasən kiçik və orta sahibkarlıqla olacaq.

Fabrik, zavod, hotellərin (görülən bütün işlər yaxın aylarda, illərdə turistlərin axınına işarə verir), restoranların tikilməsi istisna olmaqla.
– Turizm şirkəti açmaq: Şəhərdə gedən abadlıq, quruculuq işləri, zövq oxşayan mənzərə, şəhərin dənizi, yaradılan yeni Sumqayıt bulvarı, parkları və s, turistləri cəlb etməkdə sizə asan ola bilər.
– Yaxın zamanlarda turist axınını nəzərə alaraq (onların daha çox olacağı yerlərdə), turistlər üçün maraqlı hədiyyələrin (milli suvinerlər, müxtəlif hədiyyələr və s) satılması yaxşı gəlir gətirə bilər.
– Reklam şirkəti. Müəssisələrin daha çox olacağını nəzərə alaraq əlavə bir ideya kimi, reklam sahəsində çalışmağı uyğun bilərdim. Amma bir şərtlə ki, quracağınız müəssisəyə təcrübəli şəxsləri dəvət edəsiniz. Şəhərin mənzərəsi korlayacaq reklam lövhələri yox, daha da zövqə oxşayacaq reklam bannerləri, lövhələri, video-çarxları və s. hazırlayasınız.
– Ofis avadanlıqları: Sumqayıtda bir neçə plaza tikilib və tikilir. Bu da yaxın zamanlarda ofislərin daha çox olacağını bildirir. Ofis avadanlıqlarının satışı ilə məşğul ola bilərsiniz. Bu işə uyğun printerlər üçün katric istehsalı edən bir şirkət haqqında qısa yazacam. Bir gün MakKoyun katrici bitmiş, lakin uyğun qiymətə katric tapa bilməyib. Nəticədə özünə söz verib ki, özünün şəxsi şirkətini açacaq və katricləri münasib qiymətlərə satacaq. Bu gün onun müştəriləri sırasında ən böyük şirkətlər var. Kiçik şirkət milliyonlar gətirir. Bu gün xidmətindən, keyfiyyətindən, qiymətindən narazı olduğumuz müxtəlif sahələr var ki, biz bundan yaxşı istifadə edərək, bazarda olan boşluğu doldura və yaxşı gəlir əldə edə bilərik. İnanıram ki, yazdıqlarım sizin işinizə yarıyacaq və gecikmədən öz biznesinizi quracaqsınız və ya genişləndirəcəksiniz.
Ən əsası odur ki, “5i” düsturumda olduğu kimi, gördüyümüz işdə İntizamlı olaq, İnkişafı düşünək, İnamla yanaşaq işimizə, İstək və sevgi olsun işimizə, İnnovativ, hörmətlə yanaşaq işimizə. Bu zaman hərşey öz qaydasında gedəcək!
Arzu Qafarlı
Mənbə: Xeberle.com

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top