“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının 53 regionda nümayəndəliyi, 4 minə yaxın üzvü var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının 53 regionda nümayəndəliyi, 4 minə yaxın üzvü var

Bakı, 12 iyul AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının (AKTİ) yaranmasının 6 illiyi ilə bağlı hesabat tədbiri keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AKTİ-nin sədri Aytac Cabbarova təşkilatın fəaliyyətində könüllülərin rolu, onların kənd təsərrüfatının inkişafına göstərdikləri dəstək barədə məlumat verib. Vurğulanıb ki, hazırda ölkənin 53 regionunda nümayəndəliyi olan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatına bu günədək 4 minə yaxın könüllü üzv olub. Təşkilat tərəfindən müxtəlif layihə, aksiya və tədbirlərin həyata keçirilməsində 7 minə yaxın gəncin iştirakı təmin edilib. Aytac Cabbarova Aqrar İnkişaf Könüllülərinin yalnız ölkə daxilində deyil, Fransa, Rusiya, Qırğızıstan kimi ölkələrdə yerləşən beynəlxalq və yerli təşkilatlarla da əməkdaşlıq etdiklərini deyib.

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinə toxunub, onların kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi və təhsilin inkişafında göstərdikləri töhfələri yüksək qiymətləndirib. O, həmçinin nazirliyin təşkilatla əməkdaşlığının perspektivlərini də açıqlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov könüllülərin əməkdaşlıq ruhunun və onların kənd təsərrüfatı sahəsindəki fəallığının əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, təşkilatın gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.

Tədbirdə çıxış edən regionlardan gələn könüllülər üzrə nümayəndələr yerlərdə həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə məlumat verib, təcrübələrini bölüşüblər. Regional nümayəndələr “Gələcəyin Fermerləri”, “Kənd Sovqatı”, “Xəyal qutusu” “Yaylaq Könüllü Düşərgəsi”, “İnsan mühəndisliyi”, “Könüllü Fərqindəlik”, “Aqrar İxtisaslaşmış Jurnalistlər” və “Aqro Sosial Media Marketinq” kimi həyata keçirilmiş layihələri misal gətirərək, iştirakçı gənclərin təəssüratlarını diqqətə çatdırıblar.

Həmçinin tədbirdə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının gələcək fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər müzakirə edilib.

Aqrar İnkişaf Könüllüləri Təşkilatı kənd təsərrüfatının inkişafı və innovasiyaların daha geniş tətbiqi işinə töhfə vermək məqsədilə gənclərin fəal iştirakını təşviq etməyə davam edəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top