Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə suda sağ qalma üsulları öyrədilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə suda sağ qalma üsulları öyrədilib

Ankara, 7 iyul, Elmir Səftərov, AZƏRTAC

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin altıncı günündə media nümayəndələrinə suda sağ qalma üsulları öyrədilib.

AZƏRTAC xəbər verir ki, iyulun 6-da media nümayəndələrinə dənizdə düzgün davranış qaydaları, psixoloji və fiziki gərginliyin tənzimlənməsi, hava və dəniz hadisələri ilə mübarizə, hərəkət tərzinin müəyyən edilməsi və saxlanılması, hipotermiya zamanı ilkin tibbi yardım, həmçinin açıq sularda xilasetmə üçün qoruyucu vasitələrdən istifadə qaydaları izah edilib. Keçirilən məşğələlərdən sonra media nümayəndələri öyrədilənləri tətbiq ediblər.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top