Ana dilimizin nüfuzunun güclənməsi Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ana dilimizin nüfuzunun güclənməsi Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir

Bakı, 6 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq, soy kökümüz, milli mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hisslərini həmişə ürəyində gəzdirib. Ulu Öndər bütün həyatını öz xalqının rifahına, azad yaşamasına həsr edib.

Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda çox əziyyət çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki o, öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunmasına qədər ölkəmiz sovet respublikaları arasında inkişafa görə axırıncı yerlərdən birini tuturdu. 1970-1980-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin apardığı iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan bütün iqtisadi göstəricilərə, insanların yaşayış səviyyəsinə görə yuxarı pillələrə yüksəldi. O zamandan Heydər Əliyev Azərbaycan xalqının böyük sevgisini və rəğbətini qazandı.

Azərbaycan dilinin bu günə gədər saf, təmiz şəkildə gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayan K.Əliyeva deyib: “Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan Ümumilli Lider hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək oldu. Sovet İttifaqı zamanı Azərbaycana rəhbərlik edən Heydər Əliyev bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi müttəfiq respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi.

Ulu Öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. Onun Azərbaycan dilinin dövlət dili elan edilməsi təşəbbüsü Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı”.

Ümummilli Lİderin ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün səfərbər olmağa çağırdığını vurğulayan deputat onun dilçi alimlərimizə böyük qayğı göstərdiyini, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldırılmasını tövsiyə etdiyini qeyd edib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi.

Kamilə Əliyeva vurğulayıb ki, rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Ulu Öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərərək digərilərinə nümünə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi.

“Müstəqilliyə gedən yolda ana dilimizin nüfuzunun güclənməsi Ulu Öndər Heydər Əliyevin vaxtı ilə yürütdüyü siyasətin nəticəsidir.

Ümummilli Lider öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi və hər zaman bu kökdən gələn mirası qoruyub saxlayıb. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir.

Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev də qəlbimizdə, ürəyimizdə yaşayacaq, – deyə deputat qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top