Ağdamda qazilərlə görüş keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdamda qazilərlə görüş keçirilib

Ağdam, 11 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Ağdam rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir qrup qazı ilə keçirilən növbəti görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qazilərin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib. V.Həsənov görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Vaqif Həsənov şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Görüşdə Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonunda məskunlaşan I Qarabağ müharibəsinin II qrup əlili Rzayev Tahir Yelmar oğlunun 2022-ci il iyulun 20-də yanmış evinin təcili təmir olunması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırılıb. Həmçinin növbəti aydan etibarən hər ayın ikinci həftəsinin ikinci gününün Ağdam Rayon İcra Hakimiyyətində “Qazilər Günü” olacağı bildirilib.

Qazilər dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top