Ağdam ağ günlərə doğru – tezliklə xarabalıqların yerində müasir şəhər olacaq - FOTO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdam ağ günlərə doğru – tezliklə xarabalıqların yerində müasir şəhər olacaq – FOTO

Ağdam, 6 may, AZƏRTAC

Yolumuz yenə də işğaldan azad edilmiş Ağdam şəhərinədir. Ağdam azadlığına qovuşandan sonra AZƏRTAC olaraq bura dəfələrlə səfər etmiş, Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işlərini, qısa müddətdə baş verən dəyişiklikləri, inkişafı, icra olunan yeni layihələri əks etdirən reportajlar hazırlamışıq. Ağdama budəfəki gəlişimizdə də bir sıra yeniliklərin şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfəri zamanı “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati binanın təməlini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olması rayona yeni nəfəs gətirib.

Böyük Qayıdışa aparan yollar

2020-ci ilin noyabrın 20-dək təmas xətti sayılan Evoğlu kəndindən keçib üzü Ağdam şəhərinə doğru irəlilədikcə avtomobil yolunun yenidən qurulmasını böyük qürur və sevinc hissləri ilə izləyirik. Axı, bu yol adi yol deyil – Böyük Qayıdış yoludur. Bizi Ağdamımıza, işğaldan azad edilmiş ərazilərimizin gələcək inkişafına və xoş günlərimizə aparan yoldur.

Avtomobil yolunun tikintisinə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Ümumilikdə isə Ağdam rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində üç layihə icra olunur. Artıq Bərdə-Ağdam avtomobil yolunun inşası başa çatmaq üzrədir. Ağdam-Füzuli və Ağcabədi-Ağdam avtomobil yolların tikintisi üzrə isə işlər davam etdirilir.

Bərdə-Ağdam dəmir yolu xəttinin inşası bu il başa çatacaq

Sarıcalı və Ağdamkənd kəndlərindən sonra Ağdam şəhərinə çatırıq. Ağdam şəhərinin girişində daha bir əhəmiyyətli layihə – Bərdə-Ağdam dəmir yolu xəttinin inşası işləri həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolunun ümumi ox üzrə uzunluğu 47,1 kilometrdir. Yan yolları ilə birlikdə isə 57,8 kilometr dəmir yolunun tikintisi nəzərdə tutulur. Artıq yolun 56,9 kilometri hazırdır. Yalnız Ağdam dəmir yolu stansiyasına gedəcək 1 kilometrlik hissənin inşası qalıb. Ağdam stansiyasında, həmçinin 5 yan yol salınır. Layihələndirmə işlərinin 90 faizi yerinə yetirilib. Tikinti üzrə isə 68 faiz icra edilib.

Tural Abbaslı dəmir yolu stansiyalarının tikintisi barədə də məlumat verib: “Bərdə stansiyasının köhnə binasında artıq söküntü işləri başlayıb, yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub. Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. İyulun əvvəlində layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında tikintiyə başlanılması planlaşdırılır. Elektrik yan xətt şəbəkəsinin tikintisinə və rabitə siqnal işlərinə ilin sonunda başlanılacaq. Bu ilin sonunadək Ağdam stansiyası üzrə əlavə işlərin başa çatdırılması nəzərdə tutulub”.

“Yevlaxdan Bərdəyə qədər olan 38 kilometr köhnə yolun da yenidən qurulması üzrə işlərə başlanılıb. İlkin olaraq texniki iqtisadi əsaslandırma prosesi gedir”, – deyə o bildirib.

Ağdam Muğam Mərkəzi ölkəmizdə muğamın təbliğinə və inkişafına böyük töhfə verəcək

Ağdam şəhərində getdiyimiz növbəti ünvan Muğam Mərkəzinin inşa edildiyi ərazi oldu. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarət olacaq. Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək. Muğam Mərkəzinin inşasının 2024-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur.

İnzibati binada bir sıra dövlət qurumları fəaliyyət göstərəcək

Ağdam şəhərində təməli qoyulan inzibati bina zirzəmi və beş mərtəbədən ibarət olacaq. Binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetrdir. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.

İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq.

İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.

Yaşayış binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq

Mayın 2-də Ağdam şəhərində təməli qoyulan 2-ci yaşayış məhəlləsi 14 hektara yaxın sahəni əhatə edir. Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

Ümumi sahəsi 17 hektara yaxın olan 3-cü yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

Ərazilərin elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq

Ağdam şəhərində getdiyimiz sonuncu ünvan Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli qoyulan ərazi oldu.

Ağdam Elektrik Şəbəkəsinin mühəndisi İlqar Məmmədov bildirib ki, Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Burada mühəndis–texniki heyətin səmərəli fəaliyyətini təmin edən müasir avadanlıqla təchiz olunmuş iş otaqlarının, vətəndaş qəbulu üçün şəraitin yaradılması nəzərdə tutulub.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq. Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 və 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulacaq.

Bəli, artıq Qarabağımızın, Ağdamımızın yeni – bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da yeni nəfər gəlib. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yerlər indi geniş tikinti meydanına çevrilib. Çox keçməyəcək ki, bu yerlərə ayaq basanda işğalın ağır nəticələrinin deyil, xarabalıqların yerində inşa edilmiş müasir, yaraşıqlı bir şəhərin – ağ damlı Ağdamın şahidi olacağıq.

 

Tahir Ağaməmmədov,

AZƏRTAC-ın müxbiri

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top