Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilmişdir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilmişdir

Mayın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunun Rəncbərlər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Economic-ə verilən məlumata görə, İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Ağcabədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.

90-dan çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-ci ilin ötən dövrü ərzində 742 sahibkara 49 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 480,8 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.

İşgüzar forum çərçivəsində Ağcabədi və ətraf rayonlardan olan 85 sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, pambıqçılıq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılması imkanı yaradır.

Forum çərçivəsində Ağcabədi və Beyləqan rayonlarının ərazisində güzəştli kreditlər hesabına yaradılmış özəl pilot taxılçılıq və Ağcabədi rayonunda pambıqçılıq təsərrüfatlarına baxış keçirilmişdir.

Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72 milyon manatdan çox güzəştli kredit verilmişdir. Hazırda təsərrüfatlarda əsasən, müasir suvarma sistemləri qurulmuşdur. Bu təsərrüfatlardan 5–ndə növbəli əkin sistemi tətbiq olunmaqla pambıq da əkilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top